Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 6 may — Sputnik. Azərbaycanı "Avroviziya-2019" beynəlxalq musiqi müsabiqəsində təmsil edəcək Çingiz Mustafayev bir neçə digər iştirakçıdan fərqli olaraq qan analizi verməkdən imtina edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə iştirakçılarına pulsuz DNT testindən keçmək təklif edilib ki, hər kəs öz geneoloji ağacı barədə daha çox informasiya əldə etsin.
"Hər bir iştirakçıya şəxsən yoxlamadan keçmək təklif edilib. Müsabiqədə iştirak etmək üçün qaydalarda heç bir dəyişiklik olmayıb. Bütün bunlar piar xatirinə edilir. Bizim nümayəndə qan analizi verməkdən imtina edib" - deyə kanalın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu günlərdə Rusiyanın "Avroviziya-2019"dakı təmsilçisi Sergey Lazarev analiz üçün qan verdiyini deyib. O, bu yolla qanına hansı müxtəlif millətlərin qanının qarışdığını bilmək istəyir.
Qeyd edək ki, müsabiqənin yarımfinalı 14-16 may, finalı isə 18 mayda Təl-Əvivdə Dare to (Arzularına sərbəstlik ver) devizi altında keçiriləcək. Müsabiqədə Çingiz Mustafayev Truth ("Həqiqət") kompozisiyasını ifa edəcək. Mustafayev "Avroviziya-2019"-un ikinci yarımfinalında 18-ci nömrə altında çıxış edəcək.
Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq"Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir.