BAKI, 6 may — Sputnik. Azəbaycanın xalq artisti Brilyant Dadaşova onun Rusiya ekstradasının ulduzu Alsunun "Qolos.Deti" (Səs.Uşaqlar) vokal layihəsinin qalibi olan qızı Mikella Abramovanın ünvanına ifadə etdiyi dəstək sözlərinin insanlar tərəfindən düzgün başa düşülmədiyini deyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni özünün Instagram sosial şəbəkəsindəki səhifəsində onun haqqında yayılan şayiələrə aydınlıq gətirmək üçün videoçarx yayıb.
https://www.instagram.com/p/BxF1-Konvw3/
"Bir çoxları sosial şəbəkələrdə yazırlar ki, guya mən Alsunun qızını ona görə müdafiə edirəm ki, onların toyunda iştirak etmişəm. İnanın mən onların toyunda tamamilə təmənnasız çıxış etmişəm və heç bir xeyir güdməmişəm. Uzun illərdir Yan Abramovun ailəsi ilə dostluq edirəm və onların toyunda da qonaq qismində iştirak etmişəm." - deyə Dadaşova bildirib.
Rusiyada sosial şəbəkələrdə onun Mikella ilə bağlı həmvətənli kimi dediyi dəstək xarakterli ifadələr neqativ reaksiya doğurub.
"Mən də Yan Abramovun ailə üzvləri kimi Azərbaycanda doğulub böyümüşəm. Mənə elə gəlir ki, Moskvada çoxları Mikellanı yad hesab elədikləri üçün dəstəkləmir. Hesab edirəm ki, biz azərbaycanlılar öz yerlilərimizi dəstəkləməliyik. Mikella layihədə çox yaxşı çıxış elədi. Onun böyük gələcəyi var" - deyə Dadaşova əlavə edib.
Müğənni Yan Abramovun ailəsinin Azərbaycan yəhudiləri olduğunu, onları Moskvada yad yerdən - Azərbaycan gəlmiş insanlar olduqları üçün çox az adamın müdafiə etdiyini vurğulayıb:
"İstər idmanda olsun, istərsə də musiqidə, hər bir insan öz həmvətənlərini dəstəkləməlidir. Biz istənilən yerdə olan azərbaycanlıları müdafiə etməliyik. Yan Abramovun ailəsi çox gözəl Azərbaycan dəyərləri, mentaliteti və mənəviyyatı ilə yaşayan insanlardır. Mənə elə gəlir ki, biz bu insanları dəstəkləməliyik".
Xatırladaq ki, Alsunun qızının layihədə qalib gəlməsi Rusiyanın aparıcı KİV-lərində və sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub. Hazırda Mikella Abramovaya verilən yekun səslərin yoxlanması davam edir.