İQTİSADİYYAT

Ruhani ABŞ-a müqavimət göstərməyin yolunu açıqladı

“ABŞ bizim xarici valyuta ehtiyatlarımızı azaltmaq niyyətindədir" - İran prezidenti
Sputnik

BAKI, 4 may — Sputnik. İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları haqda danışıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Ruhani bu sanksiyalara qarşı sərt müqavimət göstərməyin vacibliyini vurğulayıb: “İran qeyri-neft və neft məhsullarının ixracı ilə ABŞ-ın sanksiyalarına müqavimət göstərməlidir. Düşünürəm ki, qeyri-neft məhsullarının ixracının artırmaqla yanaşı, biz həm də neft məhsullarının ixracını da sürətlə artırmalıyıq. Bu ABŞ-ın sanksiyalarına ən yaxşı cavab olar”.

“ABŞ bizim valyuta ehtiyatlarımızı azaltmaq niyyətindədir. O səbəbdən də biz sabit valyuta gəlirlərimizi artırmağa, xərclərimizi isə azaltmağa çalışırıq. Təkcə ötən il bizim qeyri-neft məhsullarından əldə etdiyimiz gəlir 43 milyard dollar olub” – Ruhani əlavə edib.

Xatırladaq ki, ötən ilin mayından etibarən ABŞ İranla 2015-ci ildə bağlanan nüvə silahı ilə bağlı sazişdən geri çəkilərək ona sanksiyalar tətbiq etməyə başlayıb. Artıq bir neçə gündür ki, ABŞ tərəfindən bu ölkəyə sanksiyaların üçüncü mərhələsinin tətbiqinə başlanılıb.