İQTİSADİYYAT

Gözlənilən qanun layihəsi birinci oxunuşda qəbul edilib

Nəzərdə tutulan fəaliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən qaydalara əsasən həyata keçirilir
Sputnik

BAKI, 3 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu qanun Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 

Risk yüksək, sığortaçılar ürkək

Bu qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları; kənd təsərrüfatı heyvanları; ev quşları; arı ailələri; kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları. Aqrar sığortanın sadalanan predmetlərinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.

Qanun layihəsinin 5-ci maddəsi "Aqrar sığorta üzrə təminat verilən risklər" adlanır. Həmin maddəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: təbiət hadisələri, o cümlədən təbii fəlakətlər; yanğın; qəzalar; yoluxucu xəstəliklər və zəhərlənmələr; vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; üçüncü şəxslərin hərəkətləri.

Aqrar sığorta fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydaları və onunla bağlanan müqavilə əsasında həyata keçirilir. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında bağlanır. Sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz.

Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir.

Qanun layihəsinin 14-cü maddəsi "Riskin qiymətləndirilməsi" adlanır. Həmin maddəyə görə, sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert sığorta predmetinə baxış keçirir və onun məruz qala biləcəyi riskləri qiymətləndirir. Müstəqil ekspert sığorta predmeti ilə bağlı olan risklər üzrə sığorta qaydaları ilə müəyyən edilən məlumatları aqrar sığorta informasiya sisteminə daxil edir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.