MƏDƏNİYYƏT

"Azərbaycan multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edib"

Prezident Administrasiyasının rəsmisi: "Etnik və mədəni müxtəliflik öz-özlüyündə müsbət fenomendir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. "Etnik müxtəliflik, əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb. Bugünkü qloballaşmanın önündə müxtəliflik məsələsi olduqca önəmlidir". 

"Azərbaycan multikulturalizm mərkəzidir"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nəcəfov bildirib ki, etnik və mədəni müxtəliflik öz-özlüyündə müsbət fenomendir: "Bu fenomen etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranışına, onun vərdişlərinə bağlanır və bunlar bütövlükdə bizim bugünkü fəaliyyətimizi istiqamətləndirir".

"Azərbaycan multikulturalizmin, tolerantlığın nadir məkanlarından biridir. Azərbaycan öz multikulturalizm siyasəti ilə bütün dünyada tanınan ölkədir. Azərbaycan azsaylı dövlətlərdən biridir ki, dünya səviyyəsində bunu dövlət siyasətinin bir hissəsi kimi qəbul edib" - deyə o vurğulayıb.