CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumətin iclasında məcburi köçkünlərin vəziyyəti müzakirə olundu

Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
Sputnik

BAKI, 2 may - Sputnik. Mayın 2-də Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Baş Nazirin müavini bildirib ki, Prezident İlham Əliyevbu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Əli Əhmədov paytaxt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binaların nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

İclasda paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda yoxlamalar aparan Fövqəladə Hallar Nazirliyinin arayışı dinlənilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların kommunal problemlərlə üzləşməməsi üçün hazırda aidiyyəti qurumların komitə ilə birgə xüsusi komissiyanın tərkibində işlədiyini bildirib. Sədr komissiyanın artıq bir neçə binaya baxış keçirdiyini və mövcud vəziyyətlə bağlı rəy hazırladığını deyib.

Bu məsələnin dövlətimizin başçısının nəzarətində olduğunu vurğulayan Baş Nazirin müavini komissiyaya qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyəti, həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb.