BAKI, 2 may — Sputnik. Tailand əhalisi gələcək hökmdar X Ramanın nikahını müzakirə edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, belə kraliçanı heç kim gözləmirmiş.
"Əlbəttə, insanlar yeni kraliçanı qəbul edəcək. Düzdür, onlar düşünə bilərlər ki, bir neçə il əvvəl ona general rütbəsi xüsusi olaraq verilib, o indi kraliça ola bilsin" - deyə yerli sakin bildirib.
"Əgər hakimiyyət onun bu yerdə olmasını istəyirsə, qoy belə də olsun. Mən onları təbrik edirəm. Ümid edirəm ki, nikah ölkə üçün faydalı olacaq" - deyə digər sakin qeyd edib.
Nikahın qeydə alınması mərasimi dünən Kral sarayında keçirilib. Mərasim zamanı X Rama 40 yaşlı kral mühafizəsinin rəhbəri Suthidanı kraliça adlandırıb.
Şahzadənin nişanlısı öz karyerasına dövlət hava yolları şirkətində stüradessa kimi başlayıb və 2014-cü ilə qədər orada çalışıb. Bundan sonra o sarayda xidmət etməyə başlayıb və kral mühafizəsinin rəhbəri postunadək yüksəlib. General rütbəsini o, 2016-cı ildə IX Rama öldüyü zaman alıb. Tailandın yeni hökmdarının tacqoyma mərasimi 3 gün - mayın 4-dən 6-dək davam edəcək.