HADİSƏ

Astarada torpaq sürüşməsi dəhşəti yaşanır, ailələr evsiz qalır

Təxminən 1 hektara yaxın ərazidə torpaq qatı sürüşüb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 may - Sputnik. Astara rayonunda daha bir ev torpaq sürüşməsinin qurbanı olub. Bu dəfə rayonun Kijəbə qəsəbəsində Səfail Hidayətova məxsus evin bir hissəsi uçub. Ev sahibi S.Hidayətovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, bu ərazidə ilk dəfə torpaq sürüşməsi ilə qarşılaşıb:

Astarada torpaq sürüşməsi dəhşəti yaşanır, ailələr evsiz qalır

"Bu evi 1987-ci ildə inşa etmişəm. Bu il yağıntılar çox oldu. Aprel ayının əvvəlində yağan güclü yağışlardan sonra həyətdə sürüşmələr oldu. Evə ziyan dəyməsin deyə öz maddi vəsaitim hesabına bərkitmə işləri apararaq sürüşmənin qabağını aldım. Yenidən yağan güclü yağışlardan sonra bir neçə gün əvvəl gecə saatlarında gördük ki, evin yanından sel kimi sular axır. Mən yoldaşım və övladımla suların axması üçün kanallar qazdıq. Sular yerin üstü ilə deyil, yerin altı ilə axmağa başladı. Səhər açılanda evin arxa hissəsində sitrus bağı və meşəlik hissədə geniş bir ərazidə torpaq qatının çökdüyünü gördük. Qonşular və qohumlarımız köməyə gəldilər. Bir də gördük ki, ev gedir və evin dirəyi 1,5 metr aralanıb. Dirəyi kəsib evi belə vəziyyətdə saxladıq. Mənim 60 yaşım var, hələ bu ərazidə belə bir şey olmamışdı. İlk dəfə torpaq sürüşməsi baş verdi, nəticədə də mənim evim bu hala düşdü. Sürüşmə səbəbində ev-eşiyimdən olmuşam. Altı baş ailəmiz hazırda pərakəndə şəkildə yaşayır. Oğlum ailəsi ilə Lənkəranda qalır, yoldaşım qohumlarımgildə, özüm isə həyətdə avtomobil qarajında qalıram. Evimiz 300 kv metrdən böyük idi. Demək olar bütün ömrümü bu evə həsr eləmişəm. Mal-qaram başqalarının təsərrüfatlarındadır. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu vəziyyətdən çıxmağa mənə kömək etsinlər. Hər gün həm FHN-dən və həm də öz Ərazi icra Nümayəndəliyimizdən evimizin təmir-bərpa oluna bilinəcəyini soruşuram. Lakin hələ də mənə tam, qəti heç bir cavab verilməyib".

Astarada torpaq sürüşməsi dəhşəti yaşanır, ailələr evsiz qalır

Səfail Hidayətovun həm qonşusu, həm də qudası olan İlham Babayev isə dedi ki, təxminən 1 hektara yaxın ərazidə torpaq qatı sürüşüb: "Mənim evim yaxınlıqda, bu evdən aşağıdadır. Sürüşmənin qarşısını almaq üçün bütün bərkitmə işlərini görsək də xeyri olmadı. Bir çox sitrus və başqa meyvə ağacları aşıb. İndi növbə mənim evimindir. Aşağıda evimizə yaxın süötürücü kanallar var. Əvvəllər yağışlar yağanda sular həmin kanallardan axardı. Son torpaq sürüşməsindən sonra isə bütün kanallar dolaraq tutulub".

Astara rayonun Kijəbə Qəsəbə İcra nümayəndəsinin müavini Sədail Qasımovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal torpaq sürüşməsi baş verən əraziyə baxış keçiriblər:

"Ötən ay yağan intensiz yağışlar rayonumuzun bir çox yerlərində fəsadlara səbəb olub. Kijəbə qəsəbə sakini Səfail Hidayətova məxsus fərdi yaşayış evinə də ziyan dəyib. S.Hidayətovun bizə müraciətindən dərhal sonra Rayon Fövqəladə Hallar Komissiyasına məlumat verdik və komissiya üzvləri ilə birgə əraziyə baxış keçirdik. Müəyyən sənədlər hazırlanaraq Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Sözügedən qurumların əməkdaşları əraziyə gələrək baxış keçirdilər və torpağın müayinəsi üçün nümunələr götürüblər. Akt tərtib edilərək aidiyyatı üzrə məlumat verilib. Yağıntıların yenidən başlayacağı təqdirdə sürüşmələrin yenidən aktivləşəcəyi gözlənilir. Biz inanırıq ki, vətəndaşın hazırki durumu ilə bağlı tədbir görüləcək".