RUSİYA

Vaşinqton: Rusiya raketləri Venesuela əməliyyatımıza mane ola bilməz

Mayk Pompeo: "Əgər ABŞ Prezidenti Donald Tramp vəziyyətin hərbi yola həllini seçsə, onda ABŞ hərbçiləri bu qərarı yerinə yetirəcəklər"
Sputnik

BAKI, 1 may — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Rusiyaya məxsus zenit-raket kompleksləri ABŞ-a Venesuelada hərbi əməliyyat keçirməyə mane ola bilməz. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

O qeyd edib ki, söhbət Venesuela ordusunda olan Rusiya istehsalı zenit-raket komplekslərindən gedir: "Əgər ABŞ Prezidenti Donald Tramp vəziyyətin hərbi yola həllini seçsə, onda ABŞ hərbçiləri bu qərarı yerinə yetirəcəklər. ABŞ hərbçiləri Trampın arzuladığı nəticəni əldə edəcəklər".

Qeyd edək ki, ötən gün Venesuelada növbəti dövlət çevrilişi cəhdinin olmasına dair məlumat yayılıb. Venesuela rəhbərliyi müxalifətlə bağlılığı olan kiçik qrupdan ibarət hərbçilər tərəfindən həyata keçirilən hərbi çevrilişin yatırılması üçün addımlar atır. 

"Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsi olmayacaq"

Bunu öz "Twitter" səhifəsində Venesuelanın İnformasiya naziri Xorxe Rodriqes deyib. Venesuela müxalifətinin lideri Xuan Quaydo isə Nikolas Maduro rejiminin devrilməsinə yönələn "Azadlıq" əməliyyatının yekun fazasının başladığını bəyan edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.