RUSİYA

Rusiyalı həkimlər "ölmüş" insanı yenidən həyata qaytarıblar

Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir
Sputnik

BAKI, 30 aprel — Sputnik. Krasnoyarsk 1 saylı kliniki xəstəxananın həkimləri iki saat xəstənin həyatı uğrunda mübarizə apararaq onu yenidən həyata qaytarıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəstə qəbul şöbəsinə soyuqdan donmuş halda gətirilib. Xəstəxanadan verilən məlumata görə, həmin şəxs səhər saatlarında bir sənaye müəssisəsinin gözətçiləri tərəfindən tapılaraq xəstəxanaya çatdırılıb.

Bakıda həkim ağır cinayət başında yaxalanıb

"Biz reanimasiya tədbirlərinə - ürək masajı və defibrilyasiyaya başladıq. İkinci reanimataloq da dəvət edildi. Çünki uzun reanimasiya müddətində bu işin öhdəsindən tək gəlmək mümkün deyildi" - deyə xəstəxananın reanimatoloqu Dmitri Misukov bildirib.

Həkimlər qeyd edib ki, defibrilyasiya zamanı insan 5 min volt gücündə zərbə alır. Sağlam insan bu zərbədən ölə bilər.

"Həkimlər iki saata yaxın işləyib. Xəstə 24 dəfə - hər dəfəsində 360 Coul gücündə defibrilyasiya edilib. 120 dəqiqədən sonra ürək normal döyünməyə başlayıb. Xəstənin bədəni normal temperatura qayıdıb və xəstə ölümdən dönüb" – məlumatda bildirilib.

Bir gün sonra artıq xəstə həkimlər üçün şeir deməyə başlayıb. O danışıb ki, adı Vladimir Yakovleviçdir və 1964-cü ildə dünyaya gəlib. Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir.