Şeyxülislamdan kilsə yanğınına reaksiya: "Ürəyim ağrıdı"

Allahşükür Paşazadə: "Dünyanın harasında olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir və onları təhqir etmək olmaz"
Sputnik

BAKI, 29 aprel — Sputnik. "Fransanın paytaxtı Parisdə "Notr-Dam-de-Pari" kilsəsinin yanmasına ürəyim ağrıdı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

“Bu hadisə ölkəmiz üçün siqnal olmalıdır” – Mütəxəssis Parisdəki dəhşətli yanğın haqqında

O bildirib ki, Azərbaycan ərazisinin 20 faizi erməni separatçıları tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb, işğal olunan ərazilərdə isə İslam abidələri, məscidlər və ziyarətgahlar dağıdılıb: "Dünyanın harasında olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir və onları təhqir etmək olmaz".

Xatırladaq ki, aprelin 15-də "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.

Fransa prezidenti Emmanuel Makron xalq müraciətində bildirib ki, yaxın 5 ildə kilsəni yenidən bərpa etmək niyyətindədir.