HADİSƏ

Paytaxtda baş vermiş dəhşətli qətlin üstü açılıb

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir
Sputnik

BAKI, 29 aprel — Sputnik. Paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. 

Sumqayıtda qətl törədən şəxs həbs edilib

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində, 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o tutularaq istintaqa cəlb olunub.

K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.