MƏDƏNİYYƏT

"Toppuş bacı" deyilməyənləri dedi: "Hamı elə bilir ki, həyat yoldaşım..."

Tünzalə Əliyeva: "Qayınanam iki il yarımdır ki, qayınatamı rayonda qoyub mənim yanımda qalır"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 26 aprel — Sputnik. İşinə, peşəsinə görə hərənin bir missiyası var. Aktyor və aktrisaların da missiyası insanları əyləndirmək, düşündürmək, emosiyalarını yönləndirməkdir. Bəzən onların qəlbi qan ağlasa da, emosiyalarını gizlədə və səhnədə tamaşaçını güldürə bilirlər.

Sputnik Azərbaycan-ın müsahibi uzun müddət ağır xəstəlikdən müalicə alsa da, sənətindən ayrılmayan və çoxumuzun "Toppuş bacı" kimi tanıdığı Əməkdar artist Tünzalə Əliyevadır.

"Toppuş bacı" deyilməyənləri dedi: "Hamı elə bilir ki, həyat yoldaşım..."

- Bu günlərdə yenidən müayinələrə getdiyinizi eşitdik. Bu gərginlikdən çıxmaq üçün nə edirsiz?

- Düzdür, bu günlər mənim üçün bir az gərgin oldu, müayinə üçün həkimə getdim. İnanın, başım o qədər qarışıb ki, hələ ağacların çiçək açdığını bu gün görmüşəm. İmkan tapdıqca, qaynatamgilə - Ağdaşa gedirik. Ağdaşda şəraitimiz çox gözəl olmasa da, ora mənə bir başqa hüzur verir. Səhər tezdən duranda pəncərənin qabağında quşlar elə cəh-cəh vurur ki, lap adamın ruhu dincəlir. Elə bilirsən ki, daha da cavanlaşmısan.

- Körpə balanıza necə, vaxt ayıra bilirsizmi?

- Bacardığım qədər onunla çox vaxt keçirməyə çalışıram. Allah bir az imkan versə, onu böyütmək istəyirəm... Uşaqdır da, ona nə var ki, nənəsinə də "mama" deyir. Yəni mən olmasam da, nənəsi ona baxacaq, bunu bilirəm. Buna görə mən qayınanama çox borcluyam. İki il yarımdır ki, qayınatamı rayonda qoyub mənim yanıma gəlib. Elə bu yay istəyirdik ki, onu kəndə göndərək. Amma son nəticələrim müəyyən qədər şübhəli çıxdığından, hələ ki, qayınanam yanımda qalır.

- Televiziyanın efirində sizinlə bağlı qalmaqal yaranmışdı. Amma deyəsən artıq bu söz-söhbətlər yatıb...

"Toppuş bacı" deyilməyənləri dedi: "Hamı elə bilir ki, həyat yoldaşım..."

- Bu barədə danışmaq istəmirəm. İnsanlar məni qınayır, amma görürsüz ki, artıq həkim də müəyyən şübhəli məqamların olduğunu deyir. Sadəcə, bu günüm üçün kömək istəyirdim. Mən yalan danışmamışam, heç kimi aldatmamışam. Kömək istəməyə ehtiyacım var idi. Çünki evim 20 illik ipotekada idi. Fikirləşirdim ki, ölmək əsas deyil, birdən gücsüz olaram, işləyə bilmərəm. Yoldaşımın da qazancı ilə nə olacaqdı? 300-500 manatla ipoteka ödəmək çox çətin olduğu üçün kömək istəmişdim. O insanlar ki, haqqımda pis yazdılar, onlara heç nə demirəm. Sadəcə, Allah onları islah etsin.

- Bu müddətdə sizdən üz döndərən sənət yoldaşlarınız necə, oldumu?

- Heç bir sənət yoldaşım məndən üz döndərmədi. Hamısı bu günədək də yanımdadır. Bu gün imkan olanda toylarda da görüşürük.

- Toy demişkən, deyəsən son zamanlar sifarişləriniz azalıb...

- Son zamanlar toylara çox getmirəm. Nədənsə toy yoxdur, sifarişlər demək olar ki, 0-dır. Amma dəvət olarsa, canla-başla toylara gedərəm.

- Son toy qiymətləriniz nə qədərdir?

- Toy qiymətlərimi açıq deyirəm. Düzdür, əvvəl toy qiymətlərimi 500 manatdan bir manat aşağı salmırdım, amma indi xınayaxdı üçün toylara yarım saata görə 150 manata gedirəm. İnsanları da düşünmək lazımdır. Ana övladı üçün toy edir, istəyir ki, maraqlı xına mərasimi də olsun. Kim ki, yüksək qiymətə gedir, onlara da "Allah ruzi versin!"

"Toppuş bacı" deyilməyənləri dedi: "Hamı elə bilir ki, həyat yoldaşım..."

- Serial və filmlərə necə, dəvət alırsızmı?

- Hazırda yalnız "Qız atası" serialında çəkilirəm. Başqa yerdən, yəni film və seriallardan dəvət almamışam. Bir ara teatr fəaliyyətinə fasilə versəm də, hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyirəm. Bu yaxınlarda teatrımızın yubleyi də oldu. Qarşıda böyük uğurlarımız olacaq. Çünki dövlət səviyyəsində teatrlara böyük qayğı var. Bir müddət öncə ölkə başçısı teatrların fəaliyyəti üçün pul ayırdı. Artıq yeni binamız tikilir. İlin axırınadək binamız təhvil veriləcək. Düşünürəm ki, yeni obrazlarımızı tamaşaçılar da çox sevəcək.

- Tamaşaçıları hansı yeni obrazlarla sevindirəcəksiniz?

- Artıq oynayacağım obrazların siyahısı var. Amma hələ ki, bu obrazların adını açıqlamaq istəmirəm. Deyirəm, birdən rolların adını çəkərəm, kimsə məndən qabaq həmin obrazı canlandırar.

- Ümumiyyətlə, bir çox teatrlarda daxili problemlər, çəkişmələr var. İrəvan Dövlət Azərbaycan Dram Teatrında necə, belə hallar baş verirmi?

- Yox, bizim teatrımızda problem yoxdur. Çünki İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev sağlam ruhlu, sağlam düşüncəli bir insandır. Onun ətrafındakı insanlar da yalnız o ruhda, o düşüncədə ola bilər.

"Toppuş bacı" deyilməyənləri dedi: "Hamı elə bilir ki, həyat yoldaşım..."

- Bəs, qazancınız necə, sizi qane edirmi?

- Teatrdan aldığım qonorar, maaş məni qane edir. Çünki əlavə olaraq serialdan, ayda bir-iki dəfə də olsa, xınadan gəlirim olur. Bundan başqa Əməkdar artist olduğum üçün də aylıq 100 manat qazancım olur. Teatrdakı maaşlarımız da artıb. Buradan, təxminən 300 manata yaxın maaş alıram. Bundan başqa, 2-ci qrup əlilliyə görə də aldığım təqaüd artaraq 115 manat civarında olub. Bu da çox sevindiricidir. Ümumilikdə bu vəsaitləri üst-üstə gələndə normal dolanmaq olur. Bilirsiniz necədir, dövlətin verdiyi maaşa qane olmaq lazımdır. Ola bilər ki, mənim bu dediklərim kimlərdəsə qıcıq yaratsın. Amma mən ayaq üstdə durmağı bacaran, işləməyi sevən qadınam. Bu da olmasa, nə edərdik?

- Sirr deyilsə, serialdan nə qədər qazanırsınız?

- Hər kəsin serialdan aldığı qonorar fərqlidir. Mənə verilən qonorar qaneedicidir. Məbləği isə açıqlaya bilmərəm.

- Həyat yoldaşınızın nə işlə məşğul olur?

- Yoldaşımın nə işlədiyini demək istəmirəm. Hamı elə bilir ki, o işləmir. Amma hər kəs bilsin ki, mənim həyat yoldaşım ailə qurandan bu günədək işləyib.