CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı Bakıdan olan kənd

Burada olanda elə hiss edirsən ki, sanki keçən əsrdəsən
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Nardaran kəndi deyiləndə, göz önünə Bakının qəsəbəsi gəlir. Etiraf edim ki, eyni adlı qəsəbənin Qobustan rayonunda da olduğunu bilmirdim. Bu günlərdə dostlardan biri vulkanlara olan marağımı nəzərə alaraq məni görmədiyim bir vulkanı çəkməyə dəvət etdi.

Görüşüb, yola çıxdıq. Dostum yol boyu mənə qarşımıza çıxan vulkanları göstərib, haqqında qısaca məlumat verirdi. Beləcə, gəlib Nardarana çatdıq. Qəsəbənin girişində Nardaran sözünü görəndə mənə maraqlı gəldi. Dostum bildirdi ki, bir tərəfdən nardaranlı (Bakının kəndi olan Nardaran – red.) olduğumu bildiyi üçün məni bu kəndə gətirib.

Adı Bakıdan olan kənd

 

Səyahətimin maraqlı olacağını düşünsəm də, bu qədər kələ-kötür yollardan keçəcəyimi ağlıma gətirməmişdim. Və kənd deyiləndə də gözüm önünə ən az 500-600 ev olan bir yer gəlirdi.

Deyilənə görə, Nardaran kəndi 1999-cu ildə yaranıb. Kənd dağətəyi ərazidədir. Əvvəllər burada kəndlilər heyvandarlıqla məşğul olurmuş . Elə indi də...

Nardaran çox kiçik kənddir. Burada 30-40 ev ancaq olar. 2009-cu ilin məlumatına görə, kəndin 116 sakini varmış.

Adı Bakıdan olan kənd

Əhali maldarlıq, heyvandarlıqla məşğul olur. Nardaran kəndində elektrik enerjisi olsa da, yanacaq kimi kənd əhalisi gərmədən istifadə edir.

Gərmə heyvanların peyinin qurudulmuş formasıdır. Sakinlərin sözlərinə görə, onlar yay aylarında heyvanların peyinlərini qurudur, kiçik formalarda doğrayaraq qışa saxlayırlar: "Biz gərmədən odun kimi istifadə edirik. Evlərin isidilməsi, yeməyin hazırlanması zamanı gərmə yandırırıq. Hətta onun verdiyi istiliklə çörək də bişirmək olur".

Adı Bakıdan olan kənd

Uzaqdan kəndə baxanda bütün evlərin bacalarında nazik tüstü çıxır. Havada isə qəribə qoxu var. Burada yollar kələ-kötür, palçıq cığırlardan ibarətdir.

Nardaran kəndini unudulmağa qoymayan təbiətin əsrarəngiz nemətlərindən olan aktiv vulkanlarıdır. Buradakı vulkanın adı da maraqlıdır - "Nardaran-axtarma". Vulkan dağın zirvəsində yerləşir. Nardaran sakinləri vulkana necə gedə biləcəyimizi bizə izah edə bilmədilər. Daha doğrusu, bildirdilər ki, ora avtomobillə getmək mümkün deyil. Vulkana getmək üçün gərək avtomobili bir kənarda saxlayıb dağa piyada qalxasan. Amma biz gəzə-gəzə dağa qalxan yolu tapıb vulkana qalxdıq. Ətrafda kiçik qaynayan təpəciklər vardı.

Adı Bakıdan olan kənd

"Nardaran-axtarma" vulkanı diqqət mərkəzində olmadığı üçün bura turistlər çox nadir halda gəlirlər. Amma yollar salınsa, bura da turistlər üçün maraqlı bir ərazi hesab edilə bilər.

Kəndi keçdikdən sonra kələ-kötür yollardan keçərək Qobustanın Ərəbqədim kəndinə gəlib çıxırıq. Burada yerli əhalinin inandığı "Sofu Novruz" türbəsi yerləşir. Türbənin tarixi çox qədim olmasa da, yerləşdiyi qəbiristanlıqla birlikdə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Adı Bakıdan olan kənd

Deyilənə görə, "Sofu Novruz" türbəsi inanclı insanların əhəmiyyət verdikləri pirlərdən olub. Bunu pirə daxil olanda da görmək mümkündür. Pirin içində bir küncdə müxtəlif parçalardan hissələr dəmir zəncirə bağlanıb. İnanca görə, insanlar arzu tutub, paltarlarından pirə bağlasalar, arzuları yerinə yetər.

Küncdə isə güzgü qoyulub. Yerli sakinlərin sözlərinə görə, bəxti "bağlı olan" qızlar bu güzgüyə baxsa, bəxti açılar. 

Adı Bakıdan olan kənd

Burada olan köhnə qəbiristanlıq isə XV-XIX əsrdən qalıb. Burada məzar daşlarının hündürlüyü 2 metrdən çoxdur. Məzarlara diqqətlə fikir verəndə üzərində çəkilmiş naxışlar kişi və ya qadına aid olduğu bilinir. Qadın məzarlarının üzərində qayçı, tənə, boyunbağı və s. şəkillər qazılıb. Sonradan burada yeni məzarlar da salınıb.

Ətrafdakı çox sayda qəbir daşları "Dədə Qorqud" filmini yada salır. Sanki insanlar arasındasan, hər daş bir insandır...

Adı Bakıdan olan kənd

Nardaran kəndinin adı doğma olsa da, gözdən könüldən uzaq olduğu üçün çox da müasirləşməyib. Burada olanda elə hiss edirsən ki, sanki keçən əsrdəsən...

Kənddən çıxırıq. Çoban itləri arxamızca qaçır...