Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Bakıda yerləşən "German Hospital"da ölüm hadisəsi qeydə alınıb. Bu haqda Sputnik Azərbaycan-a üç gün öncə əməliyyat yolu ilə övlad dünyaya gətirən Samirə Cəfərova adlı xəstənin qaynı Asim Xudaverdiyev məlumat verib.
Onun sözlərinə görə, körpə martın 23-də doğulub: "Bu qardaşımın ilk övladı idi. Həyat yoldaşı 9 ay ərzində hər zaman həkim müayinəsində olub. Bu müddətdə isə uşağın da, ananın da səhhətini normal olduğu deyilib. Ötən gün axşam danışanda dedilər ki, ana və körpənin səhhəti qaydasındadır. Lakin bir neçə saat sonra – təxminən səhər saat 5 radələrində zəng edib dedilər ki, körpənin səhhəti yaxşı deyil. Biz artıq xəstəxanaya çatanda öyrəndik ki, uşaq keçinib. Ölümə səbəb kimi isə ürək çatışmazlığı göstərildi".
A.Xudaverdiyevin sözlərinə görə, doğulanda körpədə ürək çatışmazlığının olduğu bildirilməyib. Uşağın çəkisinin normal olduğunu deyən həmsöhbətimiz qeyd edib ki, baş verən bu hadisəyə görə xəstəxana çəkilən əməliyyat xərcini, yəni 1500 manatı ailəyə geri qaytarıb. Məsələ ilə bağlı adı çəkilən klinikadan da münasibət öyrənməyə çalışsaq da, onlar telefonla bu haqda məlumat verməyəcəklərini bildirdilər.