CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu" iddialara cavab verdi: "Komfortlu su istəyən yollarda diskomfort yaşamalıdır"

Anar Cəbrayıllı: Mühəndislik Universitetinin yerləşdiyi binanın ətrafında yağış suları axıb gölün hasarının dibinə tökülür, camaat da elə bilir ki, gölə tökülür
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Ölkə vətəndaşları çox vaxt "Azərsu" ASC-nin ünvanına "Su anbarları yaxşı qorunmur", "Ceyranbatan su anbarına kanalizasiya suları axıdılır", "Yol təmir edildikdən sonra "Azərsu"nun yadına su xəttini təmir etmək düşür" və s. ittihamlar səsləndirirlər.

Bu günlərdə isə bir qrup şəhər sakini Sputnik Azərbaycan-a müraciət edərək "Azərsu" ASC-nin Vladislav Plotnikov küçəsində təmir işləri apardığını və bunun da onların narahatlığına səbəb olduğunu bildiriblər.

Sputnik Azərbaycan-ın əməkdaşı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə söhbətləşərək vətəndaşları narahat edən məqamlara aydınlıq gətirməyə çalışıb.

"Azərsu" iddialara cavab verdi: "Komfortlu su istəyən yollarda diskomfort yaşamalıdır"

- Azərbaycanda su anbarlarına hansı qurum nəzarət edir?

- Su anbarlarına bu gün Azərbaycanda iki qurum AR Meliorasiya və Su Təsərrüfatı ASC və Fövqəladə Hallar Nazirliyinin Dövlət Su Ehtiyatları Agentliyi nəzarət edir. "Azərsu" ASC isə içməli suyun emalı, nəqli, satışı ilə məşğuldur. İçməli su mənbəyi kimi Ceyranbatan su anbarından istifadə edilir. Anbar güclü şəkildə mühafizə olunur. Bizim gölün kənarlarında obyektlərimiz var. Həmin obyektlərdə tikinti olduğu zaman mən belə xüsusi icazə ilə keçiriəm. Buraxılış vərəqəsi olmasa, bizi içəri buraxmırlar. Bütün yol boyu çəpərlənib, kameralar quraşdırılıb. Bu gün "Ceyranbatan gölü qorunmur, mühafizə edilmir", "Ceyranbatan gölünə kanalizasiya suları axıdılır" fikirləri də əsassızdır. Gölə heç bir kanalizasiya suyu axıdılmır.

- Bəs bu fikirlər nədən qaynaqlanır?

- Fikirlərin yaranmasına səbəb ətrafda olan evlərdir. Bir də yağış yağan zaman Mühəndislik Universitetinin yerləşdiyi binanın ətrafında yağış suları axıb gölün hasarının dibinə tökülür. Amma gölə axmır. Ceyranbatan ərazisində bir göl, bir də kiçik su hövzəsi var. Bütün yağış suları o hövzəyə axır. Camaat da elə bilir ki, gölə tökülür.

Bu gün Ceyranbatan gölü tam mühafizədədir. Onun tərkibi ilə bağlı mütəmadi yoxlamalar da aparılır. Gölə kənardan heç bir müdaxilə yoxdur. Suyu standartlara cavab verir. Ora heç bir kanalizasiya və qurunt suları axıdılmır.

Şamaxıda kəndi niyə su basıb – Aydınlıq gətirildi

- Bakı şəhərinin su və kanalizasiya sistemi ilə bağlı müxtəlif tənqidi fikirlər səslənir...

- Bakı şəhərinə ilk dəfə mərkəzləşdirilmiş qaydada su 101 il bundan əvvəl verilib. 1917-ci ilin fevral-mart ayında su gəlib. Bakının da ilk su şəbəkəsi o zaman qurulub və əsasən şəhərin mərkəzini əhatə edib. Bu gün Sulutəpə anbarı deyilən ərazidə Bakı-Şollar kəmərinin anbarı tikilib. Əvvəllər ora çöllük ərazi olub. İlk şəbəkə Bakını tam əhatə etmədiyi üçün köşklər qoyulub. Oradan insanlar su daşıyırmış. O tarixi köşklər bu gün də durur.

Bakıya ikinci kəmər – İkinci Bakı Su Kəməri 1953-cü ildə çəkilib. 1965-ci ildə Ceyranbatan su mənbəyi, 1970-ci ildə Kür su mənbəyi, 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə Bakıya su verilib. 2015-ci ildə Ceyranbatan ultra sutəmizləyici qurğular kompleksi istismara veilib. Bu gün Bakı şəhərinin mərkəzi hissəsində tam şəbəkə qurulub. Mərkəzdə su almayan əhali demək olar ki, yoxdur.

Amma ətraf əarzilərdə hələ də su almayan ərazilər var. Maştağa, Nardaran, Türkan, Zirə, Qala, Şüvəlan, Bağ massivləri hələ də mərkəzləşmiş qaydada içməli su almır. Onlar quyu sularından istifadə edir və ya maşınla su alıb fərdi təlabatlarını ödəyirlər.

"Azərsu" son 10 ildə 15 min kilometrdən çox su xətti inşa edib. Bu aktiv tikinti fazası son 7-8 ilə təsadüf edib. Bakıda və regionlarda bu istiqamətdə çox böyük işlər görülüb. Əgər biz əvvəl Bakı əhalisinin 30 faizini 24 saat su ilə təmin edə bilirdiksə, 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri tikilənə qədər təchizat 36-37 faiz idisə, bu gün biz Bakıda xidmət göstərdiyimiz əhalinin 81,5 faizini fasiləsiz olarq 24 saat ərzində içməli su ilə təmin edirik. Bizim hal-hazırda bu sahədə işlərimiz davam edir. Şəbəkə olmayan ərazilərdə - Binəqədi, Şüvəlan, Şağan, Qalada, Binədə işləri davam etdiririk. Abşeron yarımadasında hamının su ilə təmin edilməsi ilə bağlı layihələrimiz var.

Su probleminin həlli üçün daha bir addım atıldı

Bizim Türkiyəli mütəxəssislər tərəfindən hazırlanmış master planımız var. Plana görə 7000 kilometrdən artıq kanalizasiya, 8000 kilometrə yaxın içməli su xətti çəkilməlidir. Bura yeni xətlərin çəkilməsi və köhnə, istismar müddəti başa çatmış xətlərin bərpası da daxildir.

- Bakı şəhərində bəzi ərazilər var ki, ora su və kanalizasiya sistemi 70-80 il əvvəl çəkilib, tez-tez qəzalar baş verir...

- Haqlısınız. Bakı şəhərinin elə əraziləri var ki, (məsələn, Yasamal, Nəsimi, Nərimanov rayonları) orada istismarda olan şəbəkənin 70-80 yaşı var. 1940-50 -ci illərdə tikilmiş şəbəkələrdir. Və tez-tez qəzalar baş verir. Bu da su istismarında çətinlik yaradır.

Ancaq onu da nəzərə almaq lazımdır ki, qısa müddətdə şəbəkəni dəyişdirmək mümkün deyil. Son zamanlar yollar yenidən qurulduğu üçün biz də həmin yerlərdə hərəkətə keçir, xətlərimizi analiz edirik. Etiraf edim ki, hələ də Bakıda 50-60-cı illərdə çəkilmiş çuqun xətlər istismar edilir.

- Ölkə üzrə nə qədər ərazi qeydiyyata alınıb?

- Əvvəlcə onu deyim ki, 2010-cı ilədək sayğaclaşma 50 faizdən az idi. Amma bu gün "Azərsu" ASC ölkə üzrə abonentlərin 82 faizini sayğacla təmin edib. Sayğacların quraşdırılması, həm də dəqiq uçotun aparılması deməkdi. Bu sayğaclar suyun tərəzisidir. Sayğacların quraşdırılması israfçılığın qarşısını alır.

- Yağış yağan zaman Bakının bir çox əraziləri suyun altında qalır. "Azərsu" da hər zaman buna görə ittiham edilən qurumlar arasındadır. Sizi haqlı ittiham edirlər?

- Etiraf edək ki, Bakı şəhəri kifayət qədər böyüyüb. Bir zamanlar çöllük olan ərazilərdə çoxmərtəbli evlər, mülklər salınıb. Bu artıq özü formalaşan tullantı sularının artması deməkdir. Əvvəl həmin ərazilər torpaq idi, yağış yağanda torpağa hopurdu. Bu gün həmin yerlərdə evlər tikilib, evlərin novları küçəyə açılıb, yağış yağanda su bizim kanalizasiya şəbəkəsinə axıdılır.

Hazırda bir neçə kiçik küçə - Məhəmməd Had, Puşkin, Yusif Məmmədəliyev küçələri istisna edilməklə, digər ərazilərdə ayrılmış yağış kanalizasiya infrastrukturu yoxdur. Yəni çirkab suları da, yağış suları da bizim şəbəkəyə axıdılır. Mən çox zaman bizə bu iradı tutanlara bir sual verirəm: yağış yağmayanda kanalziasiya problemi hiss edirsinizmi? Bu kimi problemlər sadəcə leysan xarakterli yağış yağanda üzə çıxır. Məsələ burasındadır ki, bizim kanalizasiya xəttləri həmin suları daşıya bilmir. Yağışlar güclü, leysan xarakterli olanda "lyuk" dediyimiz quyulardan qaynayıb kənara çıxır. Amma bu o demək deyil ki, "Azərsu" ASC günahkardır.

Paytaxtın bir neçə qəsəbəsində su olmayacaq

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bütün yeni qurulan yollarda yağış barmaqlıqları quraşdırıb. Bunların hamısı son nəticədə bizim şəbəkəyə gəlib çıxır. Əgər yadınızdadırsa, əvvəllər yağış yağanda Z.Bünyadov, Binəqədi yolu su altında qalırdı.

2017-ci ildə "Azərsu" ASC həmin ərazilərdə 14 yağış suyu layihəsi icra edib. Bura Əliyar Əliyev, Böyük Şor gölü, Daşagil gölü və s. ərazilər daxildir.

Ancaq qeyd edək ki, bu gün Bakıya intensiv xarakterli yağıntı düşməsə problem yaranmır. Problemlər leysan xarakterli yağışlar yağanda olur. Sonuncu dəfə leysan xarakterli yağış sentyabrın 23-də yağmışdı. Həmin vaxt düşən yağış Bakıda aylıq normanın 191 faizi qədər olmuşdu. Bizim şəbəkələr onu eyni anda daşıya bilmədi. Ancaq yağış kəsəndən yarım saat sonra küçələrdə su qalmadı. Yağışlar intensiv və leysan xarakterli olmasa, bizim kanalizasiya şəbəkəmiz onun öhdəsindən gələ bilər. Amma intensiv və uzunmüddətli olanda müəyyən problemlər yaranır.

Yağıntı olanda bizim şöbənin əməkdaşları gecə saatlarında ərazilərdə olur, çəkilişlər aparır. Araşdırır ki, hansı küçələrdə su yığılmaları var, səbəb nədir? Daim bu istiqamətdə monitorinqlər aparılır.

- Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu sahədə "Azərsu" nə iş görür?

- Bəli, Bakı qəsəbələrinin demək olar ki, çox az hissəsində kanalizasiya sistemi var. Qurulan kanalizasiya xəttlərinin çoxu primitiv şəkildə insanların özü tərəfindən qurulur və göllərə, quyulara axıdılır. Böyük əksəriyyəti isə həyətlərində quyu qazayaraq ora axıdır. Əsasən yeni tikilən ərazilərdə su-kanalizasiya problemləri yaşanır. "Azərsu" ASC-yə vəsait ayrıldıqca, müəyyən işlər görülür. Hissə-hissə bu işlər görülür.

Azərbaycanlı namizədin üzərinə su atdılar - VİDEO

- Anar müəllim, sakinlər deyir ki, AAYDA yol çəkən kimi, "Azərsu" ASC-nin qazıntı işi yadına düşür.

- Belə hallar əvvəllər daha çox olurdu. İndi yeni yolların tikintisnə başlamışdan öncə AAYDA "Azərsu" ASC-yə müraciət edir. Babək prospekti və Mir Cəlal küçələrində bu proses belə şəkildə həyata keçirilib.

Elə xətlər var ki, 80-90-cı illərdə çəkilib istismara yararlıdır. Biz onlara dəymirik. Bu xətlərdə qəzaların baş verməsi qaçılmazdır. Yenidən qurulan yolda qəza baş veribsə, "Azərsu" ASC qəzanı aradan qaldırmaq məcburiyyətindədir.

Məsələn, Babək prospektində yol yenidən qurulandan sonra qəza baş verdi. Bu kimi hallar qaçılmazdır. Bunu heç kim qəsdən etmir. Biz də istəmərik ki, yeni yolu qazaq və kimsə bizə irad bildirsin. Bunlar qəsdən edilmir.

Bunu qəbul etmək lazımdır ki, insanların komfortlu su ilə təmin edilməsi üçün yollarda diskomfort yaşanmalıdır. Biz su-kanalizasiya xəttlərini insanlar üçün çəkirik. Və bu proses zamanı müxtəlif narahatlıqlar olmalıdır.