İQTİSADİYYAT

Kənd təsərrüfatı sahəsində dünya nəhəngi Azərbaycana kömək edəcək

Niderland Azərbaycanda model ferma üçün 300 milyon avro ayırıb
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. "Niderland Krallığı ilə Azərbaycan arasında mövcud olan mükəmməl əlaqələr, xüsusən də iqtisadi münasibətlər getdikcə inkşaf edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

Kənd təsərrüfatı sahəsində dünya nəhəngi Azərbaycana kömək edəcək

Səfir bildirib ki, son bir neçə il ərzində hər iki ölkə iqtisadi əlaqələrini kənd təsərrüfatı sahəsində cəmləşdirib: "Əvvəllər bu münasibətlər neft və qaz sahəsi ilə bağlı idisə, son illər digər sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir. Ölkəmiz kiçik olmasına baxmayaraq, dünyada kənd təsərrüfatı sahəsində Birləşmiş Ştatlardan sonra ikinci yerdə qərarlaşıb. Niderland kənd təəssərüfatı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır".

Səfir vurğulayıb ki, Niderland Azərbaycanda model tipli fermanın tikilməsi üçün araşdırmaların aparılması məqsədilə 300 milyon avro ayrılıb: "Bundan əlavə, 20-yə yaxın Niderland şirkəti may ayında Bakıda baş tutacaq kənd təsərrüfatı sərgisində iştirak edəcək. Biz, həmçinin humanitar, sosial və insan haqları sahəsində əməkdaşlığımızı genişləndirmək niyyətindəyik".

Onno Kervers xatırladıb ki, Azərbaycanla Avropa İttifaqı aradında sazişə dair danışıqlar son mərhələdədir: "Bu saziş Azərbaycanla Avropa İttifaqı ölkələri, o cümlədən Niderland arasında əlaqələrin intensivləşməsinə səbəb olacaq. Avropa şirkətlərinin Azərbaycan bazarlarına çıxışını asanlaşdıracaq".