İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlu dəfn edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.
Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq H.Abdullayevin, bir müddət sonra isə F.Məmmədovun nəşi tapılıb.