CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin parklanma qaydaları müəyyənləşdi

"Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası" təsdiq edilib
Sputnik

BAKI, 24 aprel — Sputnik. "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası" təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. 

Paytaxtda yeni avtomobil yolu inşa edilir

Qeyd edilib ki, "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası" (bundan sonra - Qayda) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq hazırlanıb və fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir.

Qərara əsasən, bundan sonra yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparacaq. Bura parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar; pulsuz parklanma yerinin ayrılması - "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXIII hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması daxil edilib.

Qərara görə, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır.

Və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir.

Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. 

Avtomobillərin parklanma qaydaları müəyyənləşdi

Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

Minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə;

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti; nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti; nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti.

Elektron müraciət edildikdə, bu Qaydanın 2.4.1-2.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin skan edilmiş surəti tələb olunur. Bu halda həmin sənədlərin elektron formatda müraciətə əlavə edilməsi, habelə yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi və baxılaraq cavablandırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində və Bakı Nəqliyyat Agentliyinin informasiya sistemində texniki imkan yaradılır.

Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.

Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur. Şəxs tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.4- cü bəndində göstərilənlərə uyğun olduqda müraciət qəbul olunur.

Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir.

Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 

Avtomobillərin parklanma qaydaları müəyyənləşdi

Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur. Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir.

Nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə;fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə;fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə fərdi parklanma talonu öz qüvvəsini itirir. Bu Qaydanın 2.12-ci bəndində göstərilmiş hallarda fərdi parklanma talonunun verildiyi şəxs dərhal fərdi parklanma talonunu verən orqana məlumat verməlidir.

Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 (üç) ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla).

Talonun qüvvədəolma müddətinin bitməsinə azı 15 gün qalmış talonun sahibi bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq yenidən müraciət edir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.

Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.