CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzillərin qiyməti qalxır, həm də nisbətən ucuz mənzillərin

Mənzilə tələbatı olan aztəminatlı əhalinin tələbini nəzərə alaraq sosial evlərin kvadratmetrini artırmaq lazımdır
Sputnik

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Bu il əhalinin pul gəlirlərinin nəzərəçarpan dərəcədə artması, kvadratmetrlə satılan mənzillərin alıcılarının sayını artıracaq. Bu isə daşınmaz əmlak bazarında qiymətlərin daha da yüksəlməsinə təkan verə bilər.

Mənzil bazarında yeni qayda – Qiymətlərlə bağlı suallar yaranıb

2019-cu ilin binirci rübünün yekunlarına görə, tikinti sahəsinə qoyulan investisiyaların həcmi 250,9 milyon manat təşkil edib. Bu isə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin göstəricilərindən 78,4 milyon manat, yaxud 45,4% çoxdur.

Nəticədə yaşayış evlərinin tikintisinə sərf olunmuş vəsaitlər son bir ildə 6% artaraq ölkə üzrə ümumi investisiyaların 9,3%-ni təşkil edib. Tikinti sahəsində maliyyələşmənin və sənayedə istehsalın həcmi artıb: 2019-cu ilin birinci rübünün yekunlarına görə, 420 min kvadratmetrlik yaşayış sahəsi istismara verilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 36,8 min kvadratmetr, yaxud 9,6% çoxdur.

Mənzil bazarında təkliflərin artması ilə yanaşı, bu ilin əvvəlindən başlayaraq əhalinin mənzillərə tələbatı da nəzərəçarpacaq dərəcədə artıb. Ekspertlər bunu yanvar-fevral aylarında muzdlu işçilərin əmək haqlarının 8,6% artımı ilə əlaqələndirirlər.

Eyni zamanda, ölkə Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından irəli gələn məsələlərin həlli nəticəsində əhali yüz milyonlarla manat dəyərində əlavə vəsait əldə edib. Prezidentin sözügedən fərmanı 600 mindən artıq azərbaycanlını əhatə edib.

Əlavə maliyyə vəsaitlərinin əldə edilməsi bir çox azərbaycanlının mənzil almasına təkan verib. Bu isə öz növbəsində mənzillərin kvadratmetrinin qiymətinin artmasına səbəb olacaq.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2019-cu ilin mart ayının yekunlarına görə, ikinci əldən mənzil bazarında mənzillərin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% artıb. Belə mənzillərin bir kvadratmetrinin orta qiyməti 1654 manat təşkil edib.

İlham Əliyevdən məcburi köçkünlərə yeni mənzil sözü

Birinci əldən mənzil bazarında isə qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 7,72% artıb və onların bir kvadratmetrinin orta qiyməti 1304 manat olub.

"İlin sonunda daşınmaz əmlak bazarında (yaşayış binaları, kommersiya daşınmaz əmlakı, torpaq və s.) qiymətlərin 5-6%, mənzil bazarında isə 7-8% artacağı proqnozlaşdırılır" - deyə İbrahimov daşınmaz əmlak bazarında gözlənilən qiymət artımının proqnozunu verib.

Mənzil bazarında qiymətləri aşağı salmağın yeganə yolu postsovet dövründə Azərbaycanda olduğu kimi, hər il mənzillərin tikintisini üç-dörd milyon kvadratmetrədək artırmaqdır. Eyni zamanda, söhbət illərlə öz alıcısını gözləyərək boş qalan elit yaşayış komplekslərindən deyil, sosial yaşayış evləri seqmetindən gedir.

Məhz, mənzilə tələbatı olan aztəminatlı əhalinin tələbini nəzərə alaraq sosial evlərin kvadratmetrini artırmaq lazımdır.

2018-ci ilin yekunlarına görə, Azərbaycanda yaşayış binalarının tikintisinə 1,310 milyard manat investisiya qoyulub. Bu isə 2,084 milyon kvadratmetri keçməyə imkan verib.

Son illərdə ən çox mənzil satışı 2013-ci ildə qeydə alınıb. Həmin il 2,138 milyon kvadratmetr mənzil sahəsi satılıb. Ən aşağı mənzil satışı göstəricisi isə son illərdə 2009-cu ildə qeydə alınıb. Həmin il cəmi 1,363 milyon kvadratmetr yaşayış sahəsi satılıb.