CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"

Səbinə Hacıyeva: "Döş xərçəngindən əziyyət çəkən iti əməliyyat etdim, lakin metastaz olduğuna görə çox yaşamadı"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Hər bir peşənin özünə görə müəyyən çətinlikləri var. Bu çətin peşələrdən biri də dil bilməz heyvanlarla işləməkdir. Həmsöhbətimiz, 2015-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin yeganə baytarı olan, 28 yaşlı Səbinə Hacıyevadır. Özünün də bir iti olduğu üçün onlarla zaman keçirməkdən böyük zövq alan Hacıyeva Sputnik Azərbaycan-a müsahibəsində işinin incəliklərindən, heyvanların xəstəliklərindən və digər mövzulardan danışıb.

"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"

- Hər bir işin çətinliyi var. Bu işin sizin üçün çətinliyi nədən ibarətdir?

- Elə deyirlər. Amma mən işimi çox sevirəm. Adətən itlər xəsarət alanda, səhhətində nəsə problemlər aşkarlandıqda onları müayinə edirəm. Xoşbəxtlikdən bu cür hadisələr tez-tez baş vermir. Çünki müəyyən nasazlıq olanda itlər xidmətdən yayınmaq məcburiyyətində qalır. İt Bakıdan kənarda, uzaqda olduqda isə, telefon vasitəsilə rabitə quraraq müəyyən məlumatlar verirəm.

- İt xidmətə götürüldükdə ilkin olaraq hansı müayinələr aparılır?

- Əvvəlcə it burada müayinə olunur və sağlamlıq baxımından xidmətə yararlı olub-olmadığı müəyyənləşdirilir. Ümumi baxışda heyvanın dişlərinə görə yaşı müəyyən edilir, peyvəndlərin olunub-olunmamasını öyrənirik. Həmin it mərkəzimizə qəbul ediləcəksə, artıq onun üçün profilaktik tədbirlərə başlayır, qurda, bit-birəyə görə dərman verilir. Hər şey qaydasında olduqdan sonra həmin it kinoloqlar tərəfindən xidmətə götürülür.

- Bölgələrdə necə, belə mərkəz varmı?

- Xeyr, bölgələrdə belə bir mərkəz yoxdur. Bir problem olarsa, itləri dərhal Bakıya, bu mərkəzə gətirirlər.

- Arzuolunmaz belə hadisələr necə, tez-tez təkrarlanırmı?

- Bəzən ayda bir dəfə, bəzən isə daha çox bu cür hadisələr baş verir. İl ərzində isə, təxminən, 10-a yaxın itin əməliyyatını icra edirəm.

"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"

- Bəs bu əməliyyatlar nə qədər müddətdə başa çatır?

- Əməliyyatların neçə saat davam etməsi xəstəlik və xəsarətin ağırlıq dərəcəsindən asılıdır. Elə əməliyyatımız olub ki, 4-5 saat davam edib. Məsələn, 8 yaşlı bir dişi itimiz var idi, döş xərçəngindən əziyyət çəkirdi. Həmin itin əməliyyatı 4 saat davam etdi. Lakin təəssüflər olsun ki, metastaz olduğuna görə o it çox yaşamadı. İtlərdə də insanlarda olan xəstəliklər müşahidə edilir. Onlar da təzyiq və şəkərdən əziyyət çəkir.

- Belə arzuolunmaz hallar tez-tezmi təkrarlanır?

- Xeyr, biz profilaktik tədbirlər apardığımıza, tez-tez onlara baxış keçirdiyimizə görə bu cür arzuolunmaz hallar bir o qədər də çox aşkarlanmır. Aşkarladığımız problemləri isə həmin gün həll etməyə çalışırıq.

- Bildiyimə görə, siz həm də itlərin dişlərini müalicə edirsiniz. İstəyərdim ki, bu haqda da danışasınız.

- Ehtiyac olduqda burada itlərə stomatoloji xidmətlər göstərirəm. Məsələn, onların diş daşlarını təmizləyir, yararsız dişləri isə çəkirəm. Bu gün mərkəzimizdə itlərin dişlərinin daşlardan təmizlənməsi üçün lazım olan aparatlar var. Ultrasəs skaner aparatımız da var. İtin dişlərində problem çox olarsa, müayinə, müalicə prosesi 1 saatadək davam edir.

- Yəqin sizə görə bu iş artıq adi bir hal alıb və qorxulu deyil...

- Əlbəttə, işimdir. Ona görə mənim üçün qorxulu deyil.

"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"

- Bir az da bu peşəni seçməyinizdən danışardınız.

- Ümumiyyətlə, əvvəldən məndə heyvan sevgisi vardı. Məhəllədə it, pişik görəndə də evə gətirirdim. O səbəbdən baytarlıq fakültəsinə qəbul olunmağım evdəkilər tərəfindən təəccüblə qarşılanmadı. Bu peşəni seçdiyim üçün çox xoşbəxtəm. Gələcəkdə də öz üzərimdə işləyəcəyəm. Hələ ki, subayam. Amma ailə həyatı quranda da elə bir şəxs seçəcəyəm ki, mənimlə yanaşı işimi də sevsin.

- Təhsildən əlavə, başqa nələr sizə bu işi daha da sevdirdi?

- Zaman keçdikcə Azərbaycan Dövlət Aqrar Universitetində aldığım təhsil də mənə motivasiya verdi. 2014-cü ildə bakalavr, 2018-ci ildə ixtisasım üzrə magistr pilləsini uğurla başa çatdırdım. Universitetin vasitəsilə beynəlxalq konfranslara, təlimlərə getdiyim üçün zamanla işimə marağım, sevgim daha da böyüdü. Bu gün müəyyən əməliyyatlar icra edərkən təcrübəli baytarlar, həkimlərlə də müəyyən konsultasiya aparıram.

- Qazancınız necədir?

- Dövlət maaşıdır, bu qazanc məni qane edir.