Bakıda antikorrupsiya müşavirəsi keçirilib

Aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Sputnik

BAKI, 24 aprel — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Bu barədə Sputnik Azərbaycan-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycanda daha çox korrupsiya halları olan sahələr - Hüquq müdafiəçisindən şərh

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq qeyd edib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini "təmiz əllərlə" görməlidir.

İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edərək, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov əlavə edib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.

E.Əzizov paytaxtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə məlumat verərək paytaxtdakı məhəllələrin təmir-abadaşdırılması işlərində çox fəal olduqları və böyük işlər gördükləri üçün Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbəri olduğu İDEA təşkilatına öz minnətdarlığını bildirib. İcra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat verib.