Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. Azərbaycanlı ifaçı Aysel Məmmədova ölkəmizi gənc ifaçıların beynəlxalq müsabiqəsi olan "Yeni dalğa-2019"da təmsil edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, layihə iştirakçılarının adları "Yeni dalğa"nın Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunub. Finala Azərbaycan təmsilçisi ilə yanaşı Albaniyadan İnis Neziri, Ukraynadan "Anna Mariya" dueti, Rusiyadan Buranov və "Da Vinçi" qrupu, Ermənistandan Artyom Akopyan, eləcə də İspaniya, İtaliya, Kuba, Latviya və ABŞ təmsilçiləri keçib. Seçim mərhələsində iştirakçıların çıxışlarını Rusiyanın xalq artisti Filipp Kirkorov, müsabiqənin musiqi prodüseri Anastasiya Muxina, baş rejissor Aleksandr Rezvin və layihənin baş prodüseri İqor Krutoy qiymətləndirib.
Hazırda iştirakçılar öz repertuarları üzərində işləyir. Layihənin finalı avqust ayında Soçidə olacaq.
Aysel Məmmədova 1989-cu ildə Bakıda doğulub, uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Beynəlxalq caz və musiqi festivallarının iştirakçısı olub. Müğənni həmçinin rusiyalı ulduzlarla birlikdə "Jara" festivalında da iştirak edib. O, "Avroviziya-2018" müsabiqəsində "X my heart" mahnısı ilə çıxış edib, lakin finala keçə bilməyib. "Avroviziya"nın final mərhələsinə keçə bilməyən ilk və hələlik yeganə müğənni hazırda solo karyerasını davam etdirir.