BAKI, 23 aprel — Sputnik. "Əvvəlllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi. İndi bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib, artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.
O əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir. Halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar: "Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər".