Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, ötən gün Cənub zonasında yağıntı başlayıb, axşam saatlarından isə yüksək dağlıq ərazilərdə qara çevrilib.
Cənub Hidrometeorologiya Mərkəzinin direktoru Cavid Hüseynovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hazırda hər iki rayonun mərkəzinə 1-5 sm, yüksək dağlıq ərazilərdə isə 5-15 sm qar yağıb və yağmaqda davam edir: "Havanın temperaturu yüksək dağlıq ərazilərdə 0-1 dərəcə təşkil edir. Yağıntılı hava şəraiti 21 aprel gündüz saatlarında səngiyəcək, 22-dən etibarən isə Cənub zonasına yenidən yağıntılar düşəcəyi, dağlıq ərazilərdə yenidən qar yağacağı gözlənilir".
Qeyd edək ki, yağıntılı hava şəraitinin aprelin 24-nə kimi davam edəcəyi gözlənilir.