İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. Gürcüstanın Marneuli rayonu Keçəli kəndi ərazisində Azərbaycan vətəndaşı olan iki nəfərə hücum edilərək ağır xəsarətlər yetirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alanlar Qazax rayon sakinləri, 1983-cü il təvəllüdlü Hümbətov Anar Fərhad oğlu və Natiq Abbasov adlı şəxslərdir.
Zərərçəkmiş A.Hümbətovun bildirdiyinə görə, hadisə gecə saatlarında şəxsi avtomobili ilə Tbilisi şəhərindən qayıdarkən baş verib. O, avtomobilini yolun kənarında müvəqqəti saxladığını və bu zaman beysbol taxtaları ilə silahlanmış təxminən 3-4 nəfərdən ibarət naməlum şəxsin onlara hücum edərək döyməyə başladıqlarını deyib. Bundan sonra hücum edənlər onların şəxsi əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.
Hadisə zamanı A.Hümbətovun hər iki qolu sınıb, baş nahiyəsindən ağır zərbələr alıb. Natiq Abbasovun isə xəsarətləri nisbətən yüngüldür. Onlar bir gün Marneulidə özəl xəstəxanalardan birində saxlanılsalar da, artıq yaxınları tərəfindən Azərbaycana gətiriliblər.
Hadisə ilə bağlı Gürcüstan polisi tərəfindən zərərçəkmişlərin ifadəsi alınıb, cinayətkarların axtarışı aparılır.