QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Bakıdan Ermənistana çağırış: "Dəstək nümayiş etdirin"

"Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz"
Sputnik

BAKI, 19 aprel — Sputnik. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçiriləcək görüşlər, atılacaq addımlara dair şərhləri "3+2" formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir". 

Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz.

"Biz Ermənistan Xarici İşlər Nazirliyini "3+2" formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik" - deyə Abdullayeva bildirib.

"Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi, onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar" - XİN-in sözçüsü vurğulayıb.