Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 19 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 17-də Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlı ilə bağlı məlumat daxil olub. Sputnik Azərbaycan-ın əməkdaşı artıq bir neçə gündür ki, AUB-un sığınacağında saxlanılan azyaşlıların vəziyyəti ilə bağlı məlumat almağa çalışırdı.
Birliyin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bir neçə gün keçməsinə baxmayaraq, ana sığınacağa gəlməyib: "Bu hadisə ilə əlaqədar olaraq kimlərinsə vasitəsilə bizə anonim zənglər daxil olur, hədə-qorxular edilir. Deyirlər ki, "nəyin əsasında uşaqları aparıblar, buna görə kim ixtiyar verib?". Mən isə bir daha vurğulayıram ki, bütün bu proseslər rəsmi şəkildə, yəni dövlətin qayda-qanunları çərçivəsində həyata keçirilir".
"Bir neçə gün öncə bizə uşaqların səfil vəziyyətdə olması ilə bağlı müraciət daxil olmuşdu. İcra nümayəndəsi, polisin iştirakı ilə vəziyyət qiymətləndirilib və verilən məlumat təsdiqini tapıb. Bundan sonra isə uşaqlarla reabilitasiya aparılacaq" – deyə birlik sədri əlavə edib.
K.Ağazadə uşaqların sənədləri haqda isə bunları deyib: "Ananın böyük övladının 10 yaşı olsa da, onun bu günədək doğum haqda heç bir sənədi olmayıb. O, bu vaxtadək heç məktəbə də getməyib".
Xatırladaq ki, bir neçə gün öncə 3 azyaşlı Nizami rayonunun Keşlə qəsəbəsində kimsəsiz halda aşkarlanıb. Bununla bağlı olaraq Azərbaycan Uşaqlar Birliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin yetkin yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib.