İQTİSADİYYAT

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
Sputnik

BAKI, 19 aprel — Sputnik. İqtisadiyyat naziri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə nazir Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. 

Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü avqustda keçirilə bilər
Qeyd olunub ki, son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə həmçinin, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.