MƏDƏNİYYƏT

Azərbaycanda hər kəsi heyrətləndirən amerikalı qadın: "Ürəyim ölkənizdə qaldı"

Marta Lori-Koffman: "Əgər imkanım olsaydı, böyük məmnuniyyətlə Azərbaycana qayıdardım"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Bu günlərdə sosial şəbəkələrdə ABŞ vətəndaşı Marta Lori-Koffmanın Azərbaycanın milli musiqi aləti olan sazda ifa etməsini əks etdirən görüntülər yayımlandı. Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu.

Sputnik Azərbaycan-ın müxbiri bu video-çarxın qəhrəmanı ilə əlaqə saxlayaraq onunla həmsöhbət olub. Xanım Lori-Koffman ailə həyatı qurduqdan sonra yenidən ABŞ-a köçməli olub. Buna baxmayaraq, o, Azərbaycanı unutmur, öz ölkəsində Azərbaycan mədəniyyətinin təbliğini davam etdirir və bir gün ölkəmizə geri qayıtmaq ümidi ilə yaşayır. Bunu Marta Sputnik Azərbaycan-a müsahibəsində deyib.

- Marta, necə oldu ki Azərbaycana gəldiniz?

- Mən Birləşmiş Ştatlarda böyümüşəm. Həmişə müxtəlif ölkələrin dillərini və mədəniyyətlərini öyrənməyi sevmişəm. İki il hazırda Pyatiqorsk Dövlət Universiteti adlanan Pyatiqorsk Dövlət Linqvistik Universitetində təhsil almışam. Rusiyada təhsil aldığım vaxtda Qafqaz xalqları barədə maraqlanmağa başladım. Pyatiqorskda xeyli sayda qafqazlı yaşayır. Mənimlə birgə müxtəlif Qafqaz ölkələrindən xeyli sayda tələbə oxuyurdu. Hər həftə onlar yataqxananın qarşısında toplaşır və "ləzginka" oynayırdılar. Tələbələrin vətənlərindən uzaq olmasına baxmayaraq, öz ənənələrini qoruması və ən əsası, onunla fəxr etməsi mənim üçün çox xoş və maraqlı idi. Bizim ölkəmizdə, Amerikada belə bir şey görməmişdim.

Bundan sonra məndə maraq oyandı və bu regionun adət-ənənələri ilə daha yaxından tanış olmaq üçün Qafqaza səfər etmək qərarına gəldim. Təhsilimi bitirdikdən sonra ABŞ-a qayıtmalı oldum. İki il orada təhsil aldıqdan sonra Azərbaycana gəlmək şansım, imkanım yarandı. 2010-cu ildə Bakıya gəldim.

Azərbaycanda hər kəsi heyrətləndirən amerikalı qadın: "Ürəyim ölkənizdə qaldı"

- Azərbaycana gələnə qədər bizim ölkəmiz haqqında nəsə bilirdiniz?

- Etiraf edim ki, ölkəniz haqqında praktiki olaraq heç nə bilmirdim. Amma ölkəniz mənim üçün çox maraqlı gəlirdi. Bakıya gəldikdən sonra Xəzər Universitetində təhsil almağa başladım. Azərbaycan ailəsi ilə birgə qalırdım, ona görə də ölkənizin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanım yaranmışdı. Azərbaycana gəldiyim ilk il çox şeyi anlamadığımdan hər şey mənə yad gəlirdi. Məsələn, ilk dəfə Azərbaycanda Novruz bayramının olduğunu və həmin bayramda tonqalların qalanmasını gördüm. İlk dəfə bu tonqalları görəndə düşündüm ki, yanğın başlayıb və çox qorxdum. Lakin sonra hər şeyi mənə başa saldılar. Azərbaycan mənim çox xoşuma gəldi. Orada özümü yad deyil, əsl azərbaycanlı kimi hiss edirdim. Orada imkan olduqca çox qalmaq istəyərdim.

- Azərbaycan dilini öyrənmək çətin deyildi ki?

- Azərbaycanda xeyli sayda xarici vətəndaş yaşayır, oxuyur, ancaq onların az bir qismi Azərbaycan dilini öyrənir. Mən Texasda yaşayanda ora yaşamaq üçün Rusiyadan bir ailə köçmüşdü. Onlarla tanış olanda öyrəndim ki, Ahıska türkləridir. Bu ailə ilə, əsasən, rus ilində danışırdım. Onlar isə öz aralarında Azərbaycan dilinə çox bənzəyən doğma dillərində danışırdılar. Onlarla iki il ünsiyyətdə oldum və artıq türkcə anlaya bilirdim. Bundan əlavə, türk dilini tədris edən disklər tapdım. Çox təəssüflər olsun ki, Azərbaycan dilini öyrənmək üçün material tapa bilmədim. Azərbaycana gələndə yerli dilin türk dilinə oxşar olduğunu biləndə çox şad oldum. Rus dili ilə müqayisədə Azərbaycan dilini öyrənmək mənə o qədər də çətin olmadı.

- Azərbaycanda neçə il qaldınız?

- 8 il.

- Sazda ifanızı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılanda bu çoxları üçün əsl sürpriz oldu. Sizə bu alətdə ifa etməyi kim öyrədib?

- Daha əvvəl qeyd etdiyim kimi, mən azərbaycanlı ailəsi ilə birgə yaşamışam. Bu ailə Gədəbəydən idi. Onlar musiqini çox sevirdilər, daim televizorda konsertlərə baxırdılar. Onların oğlu sazda ifa edirdi. Mən ABŞ-da tələbə olanda gitarada ifa edirdim. İnsanlar mənim ətrafımda toplaşırdı və biz birlikdə müxtəlif mahnılar oxuyardıq. Rusiyada qalanda da gitarada ifa etmək üçün müxtəlif rus mahnıları öyrənirdim.

Azərbaycanda hər kəsi heyrətləndirən amerikalı qadın: "Ürəyim ölkənizdə qaldı"

Azərbaycanda bəzən qaldığım ailə üçün ifa edirdim, lakin görürdüm ki, mənim ifama qulaq asmaq onlar üçün elə də xoş deyil. Onlar sadəcə gitarada ifa etməyimə öyrəşməmişdilər. Onda anladım ki, onların mənimlə birgə oxumalarını və ifamı sevmələrini istəyirəmsə, hər hansı bir Azərbaycan musiqi alətində ifa etməliyəm. Bunun üçün məhz sazı seçdim. Sazda ifa etməyi mənə Minayə Azaflı öyrətdi. O, ixtisasca psixoloq olsa da, onun ailəsində hamı sazda ifa etməyi bilir. Mən istirahət günləri onun yanına gedir və orada saz çalmağı öyrənirdim. Müəllimim olduqca səbirli idi. Daha sonra mənə Xatirə Gülməmmədli də yardım etdi. O, texniki olaraq sazda çox gözəl ifa edə bilir. Bax beləcə bu alətdə ifa etməyi öyrəndim.

- Toylarda tez-tez saz ifa edirdiniz?

- Azərbaycanda olduğum vaxtlarda mən çox toylarda olmuşam. Düzdür, toylarda həmişə qonaq kimi iştirak etmişəm. Əsasən, bu toylar qaldığım ailənin qohumlarının idi. Toyda olan qonaqlar amerikalı olduğumu biləndə onlar üçün nəsə ifa etməyimi istəyirdilər. Bu, xoşuma gəlirdi, ona görə də mən heç kəsin istəyini yerə salmırdım. Lakin professional olaraq sazda ifa etdiyimi deyə bilmərəm.

- Amerikaya niyə döndünüz?

- Mən ömrümün sonuna kimi Azərbaycanda yaşamaq istəyərdim. 2017-ci ildə Qırğızıstana getməli oldum. Orada dostlarım yaşayırdı. Təyyarədə təsadüfən amerikalı ilə tanış oldum. O, Amerikadan Qırğızıstanda yaşayan dostlarının yanına uçurdu. Biz sadəcə söhbət etməyə başladıq və anladıq ki, aramızda xeyli ortaq şeylər var. Biz sanki, vahid, bütöv idik. Mən heç vaxt evlilik məsələsinə görə narahatlıq keçirmirdim, lakin onunla tanış olduqdan sonra anladım ki, bu şəxsi tale özü mənim qarşıma çıxarıb.

Azərbaycanda hər kəsi heyrətləndirən amerikalı qadın: "Ürəyim ölkənizdə qaldı"

Təyyarədə tanışlıqdan sonra ünsiyyətimizi davam etdirmək qərarına gəldik. O, ABŞ-a uçdu, mən isə yenidən Azərbaycana qayıtdım. Dörd ay ərzində ünsiyyətdə olduq və bir gün o, mənə evlilik təklifi etdi. O da Azərbaycanı çox sevdi, hətta toyumuzun Bakıda olması üçün bura gəlməyə də razılıq verdi. Valideynlərim də toyda iştirak edirdilər. Toyda uzun illər evlərində qaldığım azərbaycanlı ailəmin də iştirak etməsi mənim üçün xoş idi. Toyumuz Azərbaycanın bir çox KİV-i tərəfindən işıqlandırıldı. Toydan sonra Amerikaya geri döndüm, lakin ürəyim ölkənizdə qaldı.

- Amerikada da sazda ifa etməyə davam edirsiniz?

- Bəli, amma Azərbaycandakı kimi tez-tez yox. Axırıncı dəfə şam yeməyinə bizə qonaqlar gəlmişdi, onlar üçün ifa etdim. Onlar mənim Azərbaycan musiqi alətində necə gözəl ifa etdiyimi və sizin mahnılarınızı oxuduğumu görəndə təəccübləndilər. İmkan olduqca Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışıram. Həyat yoldaşım ifama qulaq asır. O, mənimlə fəxr edir və məni Azərbaycan ulduzu adlandırır.

- Hazırda ABŞ-da nə işlə məşğulsunuz?

- Həyat yoldaşım işləyir, mən isə hələ ki evdə oluram. Əsasən, Azərbaycan dilindən ingilis dilinə tərcümələr edirəm.

- Azərbaycana qayıtmağı planlaşdırırsınız?

- Əgər belə bir imkanım olsaydı, böyük məmnuniyyətlə geri qayıdardım. Bakıda xeyli sayda tanışlarım yaşayır və hələ də onlarla ünsiyyətdəyəm. Gələcəyə dair hələlik nəsə demək çətindir.