BAKI, 18 aprel — Sputnik. Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1544-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1544-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Qeyd edək ki, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491; 2018, № 3, maddələr 375, 394, № 5, maddə 887) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.";
1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:
"73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.".
Maddə 2. Bu Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir".