QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Diqqətlər yenidən Moskvada: Növbəti önəmli Qarabağ müzakirəsi açılacaq

ATƏT-in baş katibi ilə Rusiyanın xarici işlər naziri arasında görüş keçiriləcək
Sputnik

BAKI, 18 aprel — Sputnik. "ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaq". 

Vaşinqtondan Dağlıq Qarabağla bağlı yeni təklif gəlib

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, görüş aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, aprelin 15-də Moskvada baş tutan görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, girovların yaxınlarının onları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər.

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Xatırladıq ki, Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib. Görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.