CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropolitenin stansiya rəisi və müavini işdən çıxarıldı

Bəxtiyar Məmmədov: "Nizam-intizam qaydalarını pozduqlarına görə onların vəzifələrində dəyişiklik edilib"
Sputnik

BAKI, 17 aprel — Sputnik. Mətbuatda "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun "Gənclik" stansiyasının rəisi Böyükağa Yolçuyev və müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.

Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

İddiaya görə, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Növbətçi iş vaxtı ayaqyoluna gedib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məlumatı qismən təsdiqləyib: "Onlar nizam-intizam qaydalarını ciddi pozublar. Nizam-intizam qaydalarını pozduqlarına görə onların vəzifələrində dəyişiklik edilib. Hələlik hansı vəzifəyə təyin edildiklərini də dəqiq bilmirəm".