HADİSƏ

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib

Maşinist Keşlə stansiyasından "Bakı Metropoliteni"nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan yıxılıb
Sputnik

BAKI, 17 aprel — Sputnik. Dünən səhər saatlarında Bakı şəhərinin Nəriman Nərimanov rayonunda maşinist teplovozdan yıxılaraq dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Hadisə Z.Bünyadov prospektində baş verib. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan teplovoz maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından "Bakı Metropoliteni"nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.