BAKI, 17 aprel — Sputnik. Bu həftə ABŞ və Türkiyə rəhbərliyinin Ankaranın Rusiyadan "S-400" zenit-raket komplekslərinin almasına dair fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində məsləhətləşmələri uğurlu olmayıb. Bu barədə Sputnik Azərbaycan "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təmsilçisi İbrahim Kalın ABŞ tərəfinə bildirib ki, Birləşmiş Ştatların "S-400" zenit-raket kompleksləri almasına görə mümkün sanksiyaları ikitərəfli münasibətlərə ziyan vuracaq və nəticəsiz olacaq. O, həmçinin əlavə edib ki, Türkiyə ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərini almağa və hansı sistemin daha yaxşı olmasını yoxlamağa hazırdır.
Nəşr yazır ki, Türkiyə "S-400" raketlərini yaxın aylarda quraşdırmağa başlaya bilər. Bu isə danışıqların dirəndiyi dalandan çıxış yollarını tapmaq üçün daha az vaxtın qalması anlamına gəlir.
Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.