CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toya hazırlıq gedərkən bir basqın baş verdi və hər şey alt-üst oldu - Saray çəkişməsi

"İcra məmurları tərəfindən göndərilən adamlar evdə 4 körpənin olmasına belə, məhəl qoymadan bizi bu duruma saldılar, evimizi dağıtdılar"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 16 aprel — Sputnik. Abşeron rayonu Yeni Saray qəsəbəsinin sakini, 1988-ci ildə indiki Ermənistan ərazisindən qaçqın düşən Rəsul Hüseynovun evi yerlə-yeksan edilib. Hazırda ailənin 4-ü körpə olmaqla bütün üzvləri küçədə qalıb. Onların küçədə qalmasına səbəb isə torpaq alverçiləridir.

Toya hazırlıq gedərkən bir basqın baş verdi və hər şey alt-üst oldu - Saray çəkişməsi

Özü 2-ci, həyat yoldaşı isə 3-cü qrup əlil olan Rəsul Hüseynov Sputnik Azərbaycan-a danışarkən bu evin damının 10 nəfər üçün sığınacaq olduğunu deyib. Onun ailəli olan bir oğlu həyat yoldaşı və övladları ilə birgə burada yaşayır. Bundan başqa, qızı da həyat yoldaşı ilə birgə ata ocağında özünə sığınacaq tapıb.

Həmsöhbətimiz bu torpağa görə 1998-ci ildə sənəd aldığını və 1999-cu ildə həmin torpaqda ev tikdirdiyini söyləyib: "Lakin bir neçə il keçdikdən sonra 4 torpaq alverçisi - Vahid Gülmalıyev, Fikrət Tanrıverdiyev, İntiqam Tanrıverdiyev və Şahzadə Tanrıverdiyev bura gələrək məndən torpaq istədilər. O zaman hakim İlham Kərimli məni kabinetinə çağırdı və dedi ki, "sənə köməklik edəcəyəm". Hətta bunun üçün məndən min manat pul da istədi. Min manatı şəxsən əlimlə onun stolunun üstünə qoydum".

Şikayətçinin sözlərinə görə, evinə hücum edən torpaq alverçiləri sonuncu dəfə 9 aprel 2019-cu ildə həmin əraziyə gələrək evi uçurublar: "Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin icra məmurları tərəfindən göndərilən adamlar evdə 4 körpənin olmasına belə, məhəl qoymadan bizi bu duruma saldılar, evimizi dağıtdılar. Hətta, polis və icra məmurları özbaşınalıq edərək qadınlara əl də qaldırdılar. Onlar gətirdikləri fəhlələrə çox "volya" verdiklərinə görə oğlum da döyüldü".

R.Hüseynov qeyd edib ki, bu ev məhkəmənin sonuncu, yəni 2017-ci il deyil, 2015-ci il qərarı ilə sökülüb: "Əslində, məhkəmənin 2017-ci il qərarı ilə bu işə xitam verilmişdi. Bununla bağlı Baş Prokurorluğa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişəm. Hazırda məsələ ilə bağlı işimiz Abşeron Rayon Prokurorluğundadır".

Toya hazırlıq gedərkən bir basqın baş verdi və hər şey alt-üst oldu - Saray çəkişməsi

Xoş olmayan təsadüf isə bu hadisənin toy ərəfəsində baş verməsidir: "Ayın 13-də oğluma toy edirdim. Ev təzə bəzənmişdi. Artıq gəlinin cehizi də gəlmişdi. Torpaqda gözü olan bu şəxslər isə heç nəyə məhəl qoymadan evi dağıdıb, cehizləri sındırıb, hər şeyi alt-üst etdilər. İndi isə Allahın ümidinə qalmışıq. Çünki heç bir yerdən gəlir mənbəyimiz yoxdur, özümüz işləmirik. Bircə aldığımız təqaüdə göz dikmişik".

Müsahibimizin dediyinə görə, onun torpağında gözü olan Vahid Gülmalıyev, Fikrət Tanrıverdiyev, İntiqam Tanrıverdiyev və Şahzadə Tanrıverdiyevin iddia etdiyi torpaq sahəsi ilə onun torpaq sahəsi, tamamilə, fərqli ərazilərdə yerləşir.

Toya hazırlıq gedərkən bir basqın baş verdi və hər şey alt-üst oldu - Saray çəkişməsi

Evini sökməmək üçün qarşı tərəf onun qarşısına şərt qoyub: "Dedilər ki, "evinin sökülməsini istəmirsənsə, 4 sot torpaq sahəsi və 15 min manat pul ver". Mənim isə belə imkanım yoxdur. İcra məmurları da deyirlər ki, "bu işin əziyyətini çəkdiyimiz üçün bizə əlavə olaraq min manat da verin". Məndə onların səs yazıları da var".

Sputnik Azərbaycan-ın əməkdaşı qarşı tərəf qismində Şahzadə Tanrıverdiyevin də haqqında səsləndirilən və baş verən bu olayla bağlı fikirlərini öyrənib. Digər tərəf kimi o da bu torpaq sahəsinin ona aid olduğunu iddia edir: "Onlar sonradan bizə aid olan torpaqda məskunlaşıblar".

Lakin Ş.Tanrıverdiyev məhkəmənin sonuncu, yəni 2017-ci il qərarı ilə razılaşmır: "Belə bir şey ola bilərmi ki, məhkəmə 2015-ci ildə bir tərəfin, 2017-ci ildə isə digər tərəfin xeyrinə qərar verir? Torpaq sahəsi üçün bir dəfə Çıxarış verilir".

Qeyd edək ki, Sputnik Azərbaycan-a şikayət edən Rəsul Hüseynov torpaq sahəsinin sənədlərini də təqdim edib. Bu sənəddə isə belə yazılır: "Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun, 1998-ci il tarixindəki sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəsi istifadəsi üçün ayrılmış 24.00 hektar sahənin 299 saylı ərazisi Hüseynov Raqif Əjdər oğluna 0.10 hektar sahə ayrılsın və vətəndaşa yaşayış evi tikməyə icazə verilsin".

Raqif Hüseynov Rəsul Hüseynovun qardaşdır. O, ailə həyatı qurduqdan sonra Sumqayıtda özünə torpaq sahəsi alaraq həmin ərazini qardaşına bağışlayıb.