İQTİSADİYYAT

Rəqiblərimiz çoxalır, rəqabət güclənir - Yeni yollar axtarmalıyıq

"Artıq eyni sort pomidorları dünyanın hər yerində eyni keyfiyyətdə istehsal etmək mümkündür"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. "Azərbaycanda istehsal olunan pomidorlar, əsasən, Rusiyaya ixrac olunur. Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər".

Bunu Trend-ə açıqlamasında Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Maraqlıdır, Rusiyada pomidor istehsalının artması Azərbaycanın pomidor ixracına təsir edə bilərmi? Ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarıda ixrac məsələsi ilə bağlı suallara aydınlıq gətiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib ki, son illərdə dünyada baş verən əsas tendensiyalardan biri kənd təsərrüfatı məhsullarının istehsalının iqlim şəraitindən, torpağın keyfiyyətindən və s.-dən asılı olmamasıdır: "İstixanalardan, müvafiq texnologiyalardan istifadə edərək dünyanın hər yerində kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkündür. Artıq eyni sort pomidorları dünyanın hər yerində eyni keyfiyyətdə istehsal etmək mümkündür. Məsələn, Hollandiyada binaların üstündə belə, pomidor, xiyar və digər məhsullar istehsal olunur".

O bildirib ki, Rusiya da idxaldan asılılığı azaltmaq üçün bir sıra istiqamətdə tədbirlər görür: "Bunlardan biri də kənd təsərrüfatı məhsullarının istehsalıdır. Rusiyada kütləvi şəkildə kənd təsərrüfatı məhsulları istehsal edilirsə, bu, qonşu ölkələrdən məhsulların idxalının azalmasına gətirib çıxaracaq".

"Azərbaycan da bu çətinliyi digər ölkələrin hesabına aradan qaldıra bilər. Məsələn, Qazaxıstan bu istiqamətdə Azərbaycan üçün böyük bazar ola bilər. Artıq Xəzər dənizi üzərindən daşınmalarımız sürətlənir, limanlar inşa edilir. Gələcəkdə ucuz su nəqliyyatından istifadə edərək Qazaxıstana kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor ixrac edə bilərik" - Bağırzadə vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, eyni zamanda, mövsümi olaraq ayrı-ayrı bazarlarda kənd təsərrüfatı məhsullarının tələb-təklifində dəyişmələr olur: "Azərbaycan istehsalçıları bunları izləməli və bazarlarda məhsul qıtlığı olduğu zaman həmin yerlərə bu məhsulları ixrac etməyə hazır olmalıdır. Bütövlükdə kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində bu cür qeyri-müəyyənliklər var və davam edəcək. Çünki kənd təsərrüfatı məhsulu sənaye məhsulu deyil və artıq hər ölkədə istehsal edilə bilir".

"Bu baxımdan Azərbaycan ixracı təkcə kənd təsərrüfatı məhsullarına bağlı olmamalıdır. Belə problemlərin qarşısını almaq, gələcəkdə dayanıqlı ixrac imkanlarını formalaşdırmaq üçün sənaye məhsulları üzrə ixtisaslaşıb, bu məhsulların ixracını həyata keçirməliyik. Kənd təsərrüfatı məhsulları ilə bağlı bütün ölkələr üçün bu təhlükələr var. Ona görə də kənd təsərrüfatı istehsalçıları kifayət qədər çevik olmalıdırlar. Onların çevik idarəetmə sistemi olmalıdır ki, bazarlarda baş verən dəyişikliklərə dərhal reaksiya verə bilsinlər" - müsahibimiz qeyd edib.

UNEC-in digər dosenti Qadir Bayramlı isə deyib ki, Rusiyada daxili istehsal artmaqla yanaşı, bu ölkədə rəqiblərimiz də çoxalır: "Amma Rusiya böyük bazardır. İlk növbədə Rusiyada bazar araşdırmasını, sonrakı mərhələdə MDB-nin digər ölkələrində yeni bazar axtarışını genişləndirmək lazımdır".

"Bununla yanaşı, Avropa və digər bazarlara çıxış imkanları araşdırılmalıdır. Çoxlu sayda kənd təsərrüfatı sərgilərinə qatılmaq, təqdimat işlərini artırmaq mühüm məsələdir. Bu işlərdə çox fəal deyilik. Bütün bu işlər həyata keçirilərsə, ixracat imkanlarımız genişlənə bilər" - iqtisadçı bildirib.

Onun sözlərinə görə, hər şeydən öncə ölkə daxilində yetişdirilən məhsulların keyfiyyətini yüksəltmək lazımdır: "Bunun üçün bəzi işlər görülməlidir. Məsələn, saxlama kameraları bütün fermerlər üçün məqbul qiymətə olmalı və bölgələrimizin hamısını əhatə etməlidir. Fermerlərin bazarlara çıxmasına köməklik edilməlidir".

"Adətən Rusiyanın iri şəhərlərindəki bazarlara yönəlirik. Amma bu, yetərli deyil, yeni bazarların xeyli hissəsi orta və kiçik şəhərlərdədir. Bu işləri genişləndirsək, nəinki Rusiyada yerimizi qoruya bilərik, hətta artıra bilərik" - deyə Q.Bayramlı əlavə edib.