BAKI, 16 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi "Twitter" hesabında Fransanın paytaxtı Parisdə məşhur Notr-Dam kilsəsində baş verən yanğınla bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, Prezidentin qeydləri Azərbaycan, ingilis və fransız dillərindədir.
"Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq" - Prezident İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb.
Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.