SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Azərbaycan və Ermənistan vətəndaşları arasında təmas qurulmasına razılıq verilib

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar
Sputnik

BAKI, 15 aprel — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb.

XİN Paşinyana cavab verdi

Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada bildirilir: "Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib" - XİN-dən bildirilib.