BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı"na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışına əsaslanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) gəncləri "Təbiəti könüllü qoruyaq" adlı könüllülər qrupuna qoşulmağa çağırır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında açıqlama verib. O bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək.
"Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq" - deyə İbrahimova vurğulayıb.
Müraciət etmək istəyənlər tərcümeyi-halını ecoschool@eco.gov.az e-poçt ünvanına və ya Bakı şəhəri, B.Ağayev küç.,100 (A) ünvanına təqdim etməlidir.
Könüllülər üzrə əlaqələndirici şəxs, Hikmət Ağazadə.
e-mail: hikmet.agazade@eco.gov.az