BAKI, 12 aprel — Sputnik. Türkiyənin 11-ci prezidenti Abdullah Gül sabiq baş nazir Əhməd Davudoğlu və sabiq iqtisadiyyat naziri Əli Babacanla birlikdə yeni partiya quracaqlarına dair iddialara cavab verib.
Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gül bu barədə suala belə cavab verib: "Prezident postundan ayrıldığım gün fəal siyasətə qayıtmayacağımı bildirmişdim. Bunun əksi bizə yaraşmaz", - deyə Gül vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.
Qeyd olunur ki, partiya yaxın iki ayda yaradılacaq. Partiyanın siyasi istiqaməti barədə məlumat verilmir.
Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər o, həmçinin Ədalət və İnkişaf Partiyasına rəhbərlik edib.