Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 11 aprel — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində yol kənarında yerləşən mühafizə çəpərlərinin dayaqlarını oğurlayan şəxsi saxlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinə Ələt-Astara avtomobil yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən Astara rayonu Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb.
E.Məcidovun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan metal dayaqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.