Aprelin 17-i Ümumdünya Hemofiliya Günüdür. İndi dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır. Hazırda respublikamızda 1 621 hemofiliyalı xəstə qeydiyyatdan keçib. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölümün sayı azalır.
Alim və həkimlərin, Dünya Səhiyyə Təşkilatı, Ümumdünya Hemofiliya Federasiyası, Hemofiliya Xəstələr Cəmiyyətlərinin birgə səyləri ilə indi hemofiliya diaqnozunun qoyulması ölüm hökmü kimi qəbul olunmur, lakin bu, arxayınlaşmaq üçün əsas vermir və xəstəlik üzərində qələbə çalmaq üçün uzun mübarizə aparmaq lazımdır.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova, hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədrinin müavini Ayaz Hüseynov, Şirvan regional hemofiliya mərkəzinin rəhbəri Təranə Cəlilova Azərbaycanda hemofiliya ilə necə mübarizə aparırlar mövzusunda danışdılar.