HADİSƏ

Azərbaycanda torpaq uçqunu baş verib, xəsarət alanlar var

Hadisə kanalizasiya xəttində qəza aradan qaldırılan zaman yaşanıb
Sputnik

BAKI, 9 aprel — Sputnik. Ucar şəhərində torpaq uçqunu baş verib. Nəticədə "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ASC-nın mətbuat katibi Anar Cəbrayıllı məlumat yayıb. Onun sözlərinə görə, hadisə kanalizasiya xəttində qəza aradan qaldırılan zaman yaşanıb.

Azərbaycanda rayon mərkəzində torpaq sürüşdü, küçəboyu evlər uçur

"Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 nəfər əməkdaşımız xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar xəstəxanasında müayinə olunur", - deyə Cəbrayıllı vurğulayıb.

ONA-nın əldə etdiyi əlavə məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçqunu olub. Nəticədə 4 nəfər uçqun altında qalıb.

Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.