BAKI, 9 aprel - Sputnik. "Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın? Burada itirən dövlət və insanlardır. Çünki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib. O bildirib ki, bu gün ölkəmizdə struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur.
"Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna dəyişikliklər etməklə Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq" - deputat vurğulayıb.
S.Novruzov əlavə edib ki, nöqsanın, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır: "Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meyilli şəxslər tapılmalıdır".