CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”

Deputat: "Niyə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır?"
Sputnik

BAKI, 9 aprel-Sputnik. “Dövlət büdcəsinə mənfi yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

Hesablama Palatasının sədri hesabat verib: "Dövlətə dəyən ziyan büdcəyə qaytarılıb"

Onun sözlərinə görə, Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin: “Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur”.

"Niyə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır? Bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər” - deyə F.Ağamalı bildirib.