CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Bu yataqxanada 30-a yaxın "kimsəsiz" və 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır.
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Qızıldaş qəsəbəsi deyəndə yada "əxlaqsızlıq" mənbəyi kimi tanınan yataqxana düşür. Bu yataqxana haqqında KİV-də dəfələrlə müxtəlif məqalələrə rast gəlmişik. Deyilənə görə, internatı bitirəndən sonra da burada məskunlaşan qızlar iş tapa bilmədikləri üçün, dolanışıq xatirinə əxlaqsızlıqla məşğul olublar. Hətta bu yataqxana "əxlaqsızlıq yuvası" kimi məşhur imiş. Yataqxana sakinləri isə iddia edir ki, deyilənlər hamısı yalandır. Bu yalanın uydurulmasında əsas məqsəd onsuz da həyatda heç kimi olmayan kimsəsizləri unutmaq, yaddaşlardan silmək, yox etməkdir.

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Qeyd edək ki, yataqxana 8 saylı peşə məktəbinin balansındadır.

Qaradağ Rayonu Qızıldaş qəsəbəsi Bakıdan 20 kilometr uzaqlıqda yerləşir. Qəsəbəyə girişdə "yataqxana"nın harada yerləşdiyini soruşanda, kənd sakinləri bildirdilər ki, elə qəsəbədə bir yataqxana var. Kənd sakini Seymur Qəhrəmanovun sözlərinə görə, hazırda yataqxanada "kimsəsizlər"lə yanaşı, müxtəlif rayonlardan olan köçkünlər də yaşayır.

Bəli kimsəsizlər. Burada hamı onları belə adlandırır. Uzun illər öncə valideynləri tərəfindən tərk edilmiş, uşaq evlərində böyümüş gənclər. Kələ-kötür yollardan keçib, yataqxanını tapırıq. Yataqxananın qapısından içəri girəndə, saçları dağınıq bir qız qarşımıza çıxır. Əyni nazik olduğu üçün soyuqdan titrəsə də, içəri girmir, bizi sual atəşinə tutur.

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Haradan, niyə gəldiyimizi soruşur. Jurnalist olduğumuzu biləndə danışmaq istəməsə də, qısa zamanda Alyona adlı bu qızla dil tapırıq. Dediyinə görə, 2006-cı ilə qədər Mərdəkan qəsəbəsindəki uşaq evində böyüyüb.

"Atam-anam ölüb. Bir bacım var. O ailəlidir, elə burada yaşayır. Qardaşlarım var, amma onlarla əlaqəm yoxdur. Nəyimə lazımdır qardaş?! Mənim üçün həyatda önəmli bir bacımdır, bir də özüm"- deyən Alyona Əliyevanın sözlərinə görə, atası rus, anası isə azərbaycanlı olub.

Hazırda Alyona heç yerdə işləmir. Yataqxanaya xeyirxah insanlar tərəfindən gətirilən ərzaqlarla dolanır.

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Alyonanın da digər yaşıdları kimi sevgilisi olub. Amma ailə həyatı qura bilməyib: "O evlidir, 1 övladı da var. İnsan gərək sevdiyi ilə ailə həyatı qursun, sevdiyi kişidən övlad dünyaya gətirsin. 31 yaşım var. Təkəm".

Yataqxana sakini deyir ki, bura heç də hamının dediyi kimi "əxlaqsızlıq yuvası" deyil. Burada yaşayan qızların çoxunun ailəsi, uşağı var. Boşanma, ayrılma da elə hadisədir ki, hər kəsin başına gələ bilər.

"Bizim bir problemimiz var - qəsəbədə iş yoxdur. Digər qəsəbələrə işləməyə gedəndə isə bura qayıtmaq problemə çevrilir. Mən əvvəl şirniyyat sexində işləyirdim. 250 manat maaş alırdım. 150 manata da kirayə qalırdım. Sonradan sahibkar işçiləri ixtisara saldı. Mən də ixtisara düşənlərdən biri oldum." - deyən Alyona ilə uzun-uzadı söhbət edirik. Bütün həyatını, peşmanlıqlarını, səhvlərini, arzularını danışır. "Biz əxlaqsız deyilik. Allah hər şeyi görür, heç nə demirik", - deməklə kifayətlənir.

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Alyona "kimsəsizlərə" Masazır qəsəbəsindəki "Məzun evində" verilən mənzillərlə bağlı da danışıb: "Bu yataqxanada yaşayan ailəli, uşağı olan "kimsəsizlərə" də orada mənzil verilməlidir. Bizə vəd versələr də, əməl etmirlər".

Alyona ilə söhbətləşərkən bizə Oksana adlı digər sakin yaxınlaşır. O da uzun illərdir ki, bu yataqxanada yaşadığını deyir. Bir yaşında övladı var. Oksana 2-3 ildir ailə qurub. Həyat yoldaşı daş karxanasında çalışır.

Oksanın gözlərindəki kədər bəs edir ki, həyata nifrət edəsən. O, ailəsi ilə yataqxananın bir otağında yaşayır. Yoldaşı çalışdığı üçün onun otağı digərlərindən təmiri ilə fərqlənir.

Hazırda yataqxanada 30-a yaxın "kimsəsiz" və 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır.

Nə qədər qəribə olsa da, yataqxananın birinci mərtəbəsi ilə digər mərtəbələr arasında olan keçid bağlanıb. Üçüncü mərtəbəyə qalxmaq üçün gərək binanın arxa tərəfinə keçəsən.

Allahın və rəsmilərin yadından çıxan insanların süründüyü yer - REPORTAJ

Digər mərtəbələri gəzmək üçün həyətə çıxırıq. Jurnalist olduğumuzu bilən orta yaşlı bir kişi yaxınlaşaraq şikayətini dilə gətirir: "Binanın zirzəmisi su ilə doludur. Binamızın hər an uçma təhlükəsi var. Neçə dəfə Fövqəladə Hallar Nazirliyinə yazmışıq, gəlib maraqlanan olmayıb. Məcburi köçkünük. Bütün illərimiz burda keçib".

Murad Quliyev adlı bu sakin bizə onunla yaşadığı beşinci mərtəbəyə qalxmağı və digər köçkünlərin də şikayətlərini dinləməyi təklif edir.

Burada yaşayan köçkünləri narahat edən əsas problem binanın insan yaşayışı üçün uyğun olmamasıdır.

Laçın rayonundan məcburi köçkün düşən Kifayət Əhmədova deyir ki, ömrünün ən gözəl çağları burada acınacaqlı vəziyyətdə keçib: "Mənim övladlarım ailə həyatı qurub, elə burada yaşayır. Nəvəm böyükdür. Təsəvvür edin ki, bir otaqda yaşayırlar. Ata geyimini dəyişəndə qız çölə çıxır, qız geyinəndə ata otaqdan çıxır. Belə yaşayış olarmı?!".

Kəlbəcər köçkünü Hüsniyyə Hüseynova da uzun illərdir bu yataqxanada yaşayır: "Üç əlil uşaq saxlayıram. Vəziyyətimiz çox acınacaqlıdır. Bu günə qədər "Qaçqınkom"-dan da gəlib vəziyyətimizlə maraqlanan olmayıb".

Yataqxananın digər sakinləri də öz şikayətlərini dilə gətiriblər. Sağollaşıb ayrılırıq. "Kimsəsizlərdən" bir neçəsi arxamızca boylanır. Alyona gülümsəyərək "yenə də gəlin" deyir… "Əxlaqsızlıq yuvası" adlanan yerə gedib əslində "kimsəsiz və əlacsız insanların yuvası" olan yerdən dönürük. Bizə elə gəlir ki, buradakı insanlar təkcə Allahın deyil, elə hökumətin də yadından çıxıblar...