BAKI, 8 aprel — Sputnik. Bir neçə gün öncə Azərbaycanın 10 milyonuncu sakini dünyaya göz açıb. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhali artımı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb.
Azərbaycanda hər il doğulanların sayı artır. 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.
"Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub" – deyə nazirlikdən verilən məlumatda qeyd olunub.
Nazirliyin məlumatında əlavə olaraq bildirilib ki, demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır.