BAKI, 5 aprel — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüssel-Moskva reysi ilə hərəkət edən təyyarədə erməni jurnalistlərlə həmsöhbət olub. Sputnik Azərbaycan xəbər verir ki, jurnalistlərdən biri ona Dağlıq Qarabağ münaqişəsi barədə sual verib.
"Siz Qarabağın hansı hissəsini tarixi erməni torpağı hissəsi hesab edirsiniz – işğal olunan bütün ərazini?", - deyə nazir jurnalistin sualını sualla cavablandırıb.
Rus dilində danışan Məmmədyarov vurğulayıb ki, Qarabağ sözü "Çernıy sad" ("Qara bağ) deməkdir.
Erməni jurnalist daha sonra nazirə deyib ki, Azərbaycan KİV-ində "İrəvan xanlığı Azərbaycanın bir hissəsi olub" və "İrəvan bizimdir" kimi şüarlar səsləndirilir.
"Əsəbiləşməyin, ən əsası əsəbiləşməyin. Siz çox emosional olursunuz, jurnalist üçünsə bu, olduqca pisdir", - deyə azərbaycanlı nazir onu sakitləşdirməyə çalışıb.