CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qalmaqallı uşaq qidası ilə bağlı daha bir məlumat yayıldı

Malyutka-2 uşaq qidalarının laborator müayinəsi yekunlaşdı
Sputnik

BAKI, 5 aprel — Sputnik. “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün  yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.

Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.

Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi  “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.